İDMAN


II Avropa Oyunlarının loqotipinin təqdimatında adlı-sanlı Belarus idmançıları iştirak edəcəklər

Bakı, 8 iyul, AZƏRTAC

İyulun 8-də M.Qorki adına Belarus Milli Akademik Dram Teatrının səhnəsində belarusluların Kupalye xalq bayramı çərçivəsində ikinci Avropa Oyunlarının loqotipinin təqdimatı keçiriləcək və turnirin talismanı üçün müsabiqənin başlandığı elan ediləcək.

AZƏRTAC Belarus Milli Olimpiya Komitəsinə istinadla xəbər verir ki, tədbirdə adlı-sanlı belaruslu idmançılar – Olimpiya çempionu və mükafatçısı, kanoyedə avarçəkmə üzrə birinci Avropa Oyunlarının qalibi Aleksandr Boqdanoviç, birinci Avropa Oyunlarının çempionu, sambo üzrə dünya və qitə birinciliklərinin dəfələrlə qalibi Stepan Popov, yuniorlar arasında dünya və Avropa çempionu, gənclər arasında Olimpiya Oyunlarının gümüş mükafatçısı, Belarus Prezidentinin “Belarusun Olimpiya Olimpi” xüsusi mükafatının sahibi Elvira German iştirak edəcəklər.

Bundan əlavə, tədbirdə Belarus Milli Olimpiya Komitəsinin çadırı işləyəcək. Burada müsabiqə haqqında əlavə informasiya almaq, idmançılarla və Belarus Olimpiya komandasının talismanı Aqriklə fotosessiyada iştirak etmək olar. Arzu edənlər 2019-cu ildə keçiriləcək ikinci Avropa Oyunlarının talismanının yaradılması üzrə müsabiqəyə qoşula bilərlər. Ən yaxşı rəssamlara Belarus MOK-un mükafatları təqdim ediləcək.

Loqotipin yaradılması üçün ideya “Arzunun arxasınca get” şüarı olub. Rəvayətə görə, yayda İvan Kupala bayramı gecəsində ayıdöşəyi çiçəkləyir və bu çiçəyi tapan şəxsin bütün arzu və istəkləri həyata keçir. Beləliklə, Avropanın bütün guşələrindən atletlər 2019-cu ilin iyununda öz arzularının arxasınca Minskə gələcəklər ki, qələbə uğrunda mübarizə aparsınlar.

İkinci Avropa Oyunlarının rəsmi devizi “Bright Year, Bright You” (“Parlaq il, parlaq sən”) sözləri olacaq.

Belarus ikinci Avropa Oyunlarını keçirmək hüququnu Avropa Olimpiya Komitələri Baş Assambleyasının 2016-cı ilin oktyabrında Minskdə keçirilən 45-ci iclasında alıb. Birinci Avropa Oyunları 2015-ci ilin iyununda Azərbaycanın paytaxtı Bakıda keçirilib. Belaruslu atletlər bu yarışlarda 43 mükafat qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.