REGİONLAR


II Beynəlxalq Tələbə Konfransı: Nobel mükafatı laureatı Kristofer Pissaridesin məruzəsi maraqla qarşılanıb

Qusar, 4 iyul, Elxan Yusifli, AZƏRTAC

İyulun 3-də Qusarda başlayan II Beynəlxalq Tələbə Konfransının ikinci günü "Gömrük sahəsində qabaqcıl təcrübələr" mövzusunda sessiya ilə davam edib. Sessiyaya moderatorluq edən Ukrayna Gömrük və Maliyyə Universitetinin tədris işləri üzrə prorektoru Yevgen Garmaş mövzu ilə bağlı ətraflı məlumat verərək məsələnin əhəmiyyətindən danışıb.

AZƏRTAC xəbər verir ki, bu sessiyada ABŞ, Rusiya, Kamboca, Belarus, Macarıstan, Ukrayna və Vyetnam təhsil ocaqları və gömrük xidmətlərinin nümayəndələrinin məruzələri dinlənilib.

Konfransın fəxri qonağı - London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin professoru, iqtisadi elmlər üzrə Nobel mükafatı laureatı Kristofer Pissaridesin “Robotlar və süni intellekt dövründə fəaliyyət” mövzusunda məruzəsi maraqla dinlənilib.

Məruzədə robotlar və süni intellekt dövründə insan əməyinin əl formasının sıxışdırılması və ya insanların işsiz qalması təhlükəsinə toxunan alim əmək bazarının gələcəyindən də söhbət açıb. Qeyd edilib ki, həqiqətən də ilk vaxtlar sadə mexaniki hərəkətləri icra edən robotlar bu gün sərbəst davranışları ilə insanları çaşqın duruma salır, onları rahatsız edir. Lakin robotların zəif cəhətlərinin də olduğunu diqqətə çatdıran məruzəçi bildirib ki, robotlar insanların duyğularını əvəz edə bilməz. Bununla belə, dünyada dayanıqlı iqtisadi artımı təmin etməyin yolları birmənalı olaraq yüksək texnologiyaların tətbiqindən keçir ki, bu da özü ilə bərabər əmək bazarında müəyyən problemləri qaçılmaz edir.

Kristofer Pissarides vurğulayıb ki, məhsuldarlığı artırmaq üçün xidmətlər daha səmərəli göstərilməli, xərclər aşağı salınmalı və məhsulun maya dəyəri optimallaşdırılmalıdır. Texnologiyaların ümumi daxili məhsulun artımına təsirini bir sıra ölkələr üzrə müqayisə edən alim, eyni zamanda, diqqəti həmin ölkələrin iqtisadiyyatının müxtəlif sahələrində texnologiyaların bərabər səviyyədə tətbiq olunmadığına yönəldib.

Nobel mükafatçısı onu da bildirib ki, aqrar sektorda texnologiyaların tətbiqi işçi qüvvəsinə tələbatı xeyli dərəcədə azaldır, amma məhsuldarlığın artırılmasına mühüm töhfələr verir. Ümumiyyətlə, yüksək texnologiyaların tətbiqi iqtisadiyyatın müxtəlif sahələrində struktur dəyişikliklərinə səbəb olur və bu da işçi qüvvəsinin əhəmiyyətli hissəsinin xidmət sahələrinə yönəldilməsi ilə nəticələnir.

Sonra alim konfrans iştirakçılarının xüsusi maraqla qarşıladığı mövzu ilə bağlı suallarını cavablandırıb.

Bundan başqa, konfransda ikinci sessiyanın davamı olaraq Vyetnam, Rusiya, Ukrayna və Macarıstan təhsil ocaqlarının nümayəndələri məruzələrlə çıxış ediblər.

Günün ikinci yarısında konfrans Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) prezidenti, professor Deyvid Uiddousonun moderatorluğu ilə “Gömrük-biznes tərəfdaşlığı” mövzusunda üçüncü sessiya üzrə işini davam etdirib.

Bu sessiyada isə Ukrayna, Çin, Makedoniya, Özbəkistan, Polşa və Rusiya təhsil ocaqlarının nümayəndələrinin məruzələri, eləcə də İran Gömrük Xidməti əməkdaşının çıxışı dinlənilib.

Bununla da sessiya ikinci iş gününü başa vurub.

Xatırladaq ki, Qusardakı “Shahdag Hotel & Spa” turizm mərkəzində BP şirkətinin dəstəyi ilə təşkil olunan “Gömrük idarəçiliyində aktual məsələlər və çağırışlar” mövzusunda II Beynəlxalq Tələbə Konfransında Azərbaycan da daxil olmaqla, 31 ölkədən gömrük ixtisası üzrə təhsil alan tələbələr, elm adamları, gömrük mütəxəssisləri iştirak edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.