REGİONLAR


II Beynəlxalq dolma festivalına xarici ölkələrdən və  Azərbaycanın bölgələrindən 500-dən çox iştirakçı qatılıb

Xaçmaz, 15 iyul, Elxan Yusifli, AZƏRTAC

İyulun 15-də Xaçmazda təşkil olunan II Beynəlxalq dolma festivalına 12 xarici ölkədən və Azərbaycanın 50-yə yaxın rayonundan 500-dən çox iştirakçı qatılıb.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi, Xaçmaz Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkil etdiyi festivalda bölgələrimizdə, eləcə də dünyanın bir sıra ölkələrində müxtəlif çeşiddə bişirilən 350-yə yaxın növdə dolma sərgilənib.

Festivalın qonaqları Xaçmaz şəhərinin şimal girişində yerləşən “Çənlibel” istirahət parkında qarşılanıblar. II Beynəlxalq dolma festivalının qonaqları arasında Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri, onların ailə üzvləri, Milli Məclisin deputatları, dövlət rəsmiləri, ictimai xadimlər yer alıb.

İştirakçılar əvvəlcə Nəriman Nərimanov küçəsindən Heydər Əliyev Mərkəzinin qarşısınadək yürüş ediblər. Burada müasir Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyulub, xatirəsi ehtiramla anılıb.

Sonra “Çənlibel” istirahət parkında festivalın rəsmi açılış mərasimi keçirilib.

Çıxış edənlər Azərbaycanın zəngin mətbəxə malik olduğunu bildirərək, festivalın ölkəmizin müxtəlif bölgələrində dolma növlərinin aşkara çıxarılmasına, yerli və beynəlxalq ictimaiyyətə təqdim olunmasına xidmət etdiyini diqqətə çatdırıblar.

Açılış mərasimindən sonra festivalda sərgilənən dolma növlərinə baxış keçirilib. Qonaqlar təqdim olunan dolma növləri haqqında ətraflı məlumat alaraq, ləziz təamın dadına baxıblar.

Festival çərçivəsində xalq yaradıcılığı nümunələrinin sərgisi də təşkil olunub.

Qeyd edək ki, I Beynəlxalq dolma festivalı 2016-cı il iyulun 1-də Abşeron rayonunda keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.