REGİONLAR
II Beynəlxalq dolma festivalında 300 növdə dolma sərgilənəcək
Xaçmaz, 13 iyul, Elxan Yusifli, AZƏRTAC
İyulun 15-də Xaçmazda keçiriləcək II Beynəlxalq dolma festivalına 12 xarici ölkədən və Azərbaycanın 50-yə yaxın rayonundan 500-dən çox iştirakçı qatılacaq.
Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Nazim Ağayev AZƏRTAC-a bildirib ki, festivala hazırlıq işləri yüksək səviyyədə həyata keçirilib. Xaçmaz şəhərinin şimal girişində yerləşən “Çənlibel” istirahət parkında təşkil olunacaq festivalda bölgələrimizdə, eləcə də dünyanın bir sıra ölkələrində müxtəlif çeşiddə bişirilən 300 növdə dolma sərgilənəcək.
Əvvəlcə festivalın qonaqlarının “Çənlibel” parkında qarşılanma mərasimi olacaq. Ardınca beynəlxalq nümayəndə heyətlərinin iştirakı ilə Nəriman Nərimanov küçəsindən Heydər Əliyev Mərkəzinin qarşısınadək yürüş keçiriləcək.
Festival çərçivəsində xalq yaradıcılığı nümunələrinin sərgisi, muzeylərlə tanışlıq, eləcə də konsert proqramı nəzərdə tutulub.
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkil etdiyi festivalda müxtəlif nominasiya üzrə mükafatlar təqdim olunacaq.
Qeyd edək ki, I Beynəlxalq dolma festivalı 2016-cı il iyulun 1-də Abşeron rayonunda keçirilib.
Festival ölkəmizin müxtəlif bölgələrində dolma növlərinin aşkara çıxarılmasına, qədim ənənəyə malik milli mətbəximizin yerli və beynəlxalq ictimaiyyətə təqdim olunmasına xidmət edir.