ELM VƏ TƏHSİL
“II UNEC Science Slam” müsabiqəsinin qalibləri müəyyənləşib
Bakı, 18 may, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “II UNEC Science Slam” müsabiqəsinin final mərhələsi keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, müsabiqənin məqsədi gənclərin elmi tədqiqatlara marağının artırılması, onların dünya elminə çevik inteqrasiyasını təmin etməkdir. Müsabiqə iştirakçıları 10 dəqiqə ərzində öz araşdırmalarını kreativ şəkildə təqdim ediblər. Tələbələrin sosial mediada uğurlu marketinq siyasəti, süni intellekt, xərclər, məhsulun sertifikatlaşdırılması, ünsiyyət vasitələri, reklam materiallarının insan şüuruna təsiri, pozitiv psixologiya, statik elektriklə idarə olunan nəqliyyat, davranış iqtisadiyyatı barədə tədqiqatları maraqla qarşılanıb.
Çıxışlar “Science Slam” qaydalarına uyğun olaraq alqış sədaları ilə qiymətləndirilib. Qalibi xüsusi cihaz vasitəsilə ölçülən alqışın səs diapozunu müəyyənləşdirib. 90.2 desibel (dB) səs tezliyində alqış qazanan biznes və menecment fakültəsinin birinci kurs tələbəsi Amal Veysəlov “Hər şey göründüyü kimi deyil” mövzusu ilə “II UNEC Science Slam” müsabiqəsində birinci yerin sahibi olub. A.Veysəlov təqdimatında televiziyalarda yayımlanan reklam materiallarının insan şüuruna təsirini tədqiq edib.
İqtisadiyyat fakültəsinin ikinci kurs tələbəsi Ramiz Şükürovun “Əngəlliləri cəmiyyətə geri qaytaraq” təqdimatı 89.8 dB ilə ikinci, türk dünyası işlətmə fakültəsinin birinci kurs tələbəsi Vüsal İsmayılovun “Statik elektriklə idarə olunan avtobus” təqdimatı isə 87.6 dB ilə üçüncü yerə layiq görülüb.
Qaliblərə sertifikatlar təqdim olunub. Eyni zamanda, onlar yekun dövlət attestasiya imtahanından azad ediliblər.
Qeyd edək ki, 2017-ci ildə UNEC-də “Science Slam” elm müsabiqəsini təşkil edib. İdeya müəllifi alman Qreqor Beninə məxsus olan və ilk dəfə 2006-cı ildə Almaniyanın Darmştadt şəhərində təşkil edilən yarışa bu günə kimi Böyük Britaniya, Rusiya, Ukrayna və Türkiyə qoşulub. Müsabiqəyə elmlə maraqlanan, tədqiqatçılarla ünsiyyət qurmaq, ən son yenilikləri öyrənmək və əhatəsini genişləndirmək istəyənlər qatılır. Qərb ölkələrində bir çox “Science Slam” müsabiqələrində aparıcı şirkətlərin nümayəndələri də iştirak edir və maraq doğuran araşdırmalara sərmayə təklifləri də irəli sürürlər. Bundan motivasiya alan gənc tədqiqatçılar inanırlar ki, apardıqları tədqiqatları cəmiyyət üçün maraqlıdır və bu işi davam etdirməyə dəyər.