İQTİSADİYYAT
İKT sektorunda bir sıra uğurlara imza atan “Cybernet” şirkəti 10 yaşını qeyd edib
Bakı, 27 noyabr, AZƏRTAC
“Synergy Group”a daxil olan “Cybernet” şirkətinin yaradılmasının 10 illiyi təntənəli yubiley tədbiri ilə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən “Cybernet”in baş direktoru İlham Namazov 2004-cü ildən fəaliyyətə başlayan şirkətin inkişaf yolundan danışıb. Ötən dövrdə əməkdaşlarının sayının 10 dəfə artdığını, habelə həyata keçirilən layihələrin həcminin xeyli genişləndiyini vurğulayan baş direktor “Cybernet” şirkətinin mürəkkəb avtomatlaşdırılmış idarəetmə sistemlərinin işlənib hazırlanmasını və tətbiqini reallaşdırdığını vurğulayıb. Bildirilib ki, ölkəmizdə ilk avtomatlaşdırılmış vergi informasiya və elektron bəyannamə sistemlərinin işlənib hazırlanması “Cybernet” şirkəti tərəfindən həyata keçirilib. İ.Namazov şirkətin gördüyü işlər sırasında Dünya Bankının layihəsi əsasında Əmlak Məsələləri Dövlət Komitəsində avtomatlaşdırılmış sənəd dövriyyəsi informasiya sisteminin tətbiqini və hazırda üzərində iş aparılan daşınmaz əmlakın qeydiyyatı kadastrı və idarəetmə sistemi layihəsini də xüsusi qeyd edib.
Tədbirdə çıxış edən “Synergy Group”un idarə heyətinin sədri Kamran Abbasov isə “Cybernet” şirkətinin İKT sektorunda ölkəmizdə yeni beynəlxalq səviyyəli standartların tətbiqinə nail olduğunu diqqətə çatdırıb.
Sonra “Cybernet”in baş direktorunun müavini Anar Mehdiyev şirkətin 10 illik inkişaf tarixini əks etdirən təqdimatla çıxış edib.
Yubiley tədbiri konsert proqramı ilə davam etdirilib.