SİYASƏT
İLİN YEKUNLARI UĞURLU OLMUŞDUR
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilmişdir.
İclasda ötən il görülmüş işlərdən danışılarkən bildirilmişdir ki, Babək rayonunun Hacıvar, Culfa rayonunun Camaldin və Şərur rayonunun Qarxun kəndlərində dəyirman kompleksləri istifadəyə verilmişdir. Həmçinin Culfa şəhərində makaron məmulatı, Şahbuz qəsəbəsində isə tikiş sexlərinin inşasına başlanmışdır.
Əlillərin həyat şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilmişdir. Beş nəfər Qarabağ müharibəsi əlilinə fərdi ev tikilmiş, dörd nəfərə isə “OKA” markalı minik avtomobili verilmişdir. Naxçıvan şəhərində protez-ortopedik bərpa mərkəzinin filialı açılmışdır.
Kollegiya iclasında qarşıda duran vəzifələr barədə də söhbət getmiş, nazir Azər Ələkbərovun, respublika Dövlət Sosial Müdafiə Fondu Naxçıvan idarəsinin rəisi Malik Quliyevin məlumatları dinlənilmişdir.
İclas iştirakçıları Naxçıvanda 2003-cü ilin “Heydər Əliyev ili” elan olunması ilə əlaqədar görüləcək tədbirləri də müzakirə etmişlər.