İQTİSADİYYAT
“IMMERGIS” şirkətinin meneceri: Azərbaycan bazarı regionun mühüm seqmentidir
Bakı, 13 may, AZƏRTAC
Fransanın “IMMERGIS” şirkəti Azərbaycan şirkətləri ilə əməkdaşlığa hazırdır.
Bunu AZƏRTAC-a müsahibəsində Bakıda keçirilən VI Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat sərgisinin iştirakçısı olan Fransanın “IMMERGIS” şirkətinin marketinq və biznesin inkişafı üzrə meneceri Manon Custal deyib.
“Biz yerli şirkətlərlə əməkdaşlığa hazırıq. Hazırkı sərgini regionun əhəmiyyətli tədbiri hesab edir və bu tədbirdə iştirakdan yeni əlaqələrin qurulması ilə yanaşı, bazarın mühüm iştirakçısı olan şirkətimiz barədə məlumatlanma səviyyəsinin artırılmasını gözləyirik”, - deyən Manon Custal təmsil etdiyi şirkətin məhsullarının Avropa ölkələrində geniş təqdim olunduğunu bildirib.
“Təəssüf ki, hazırda Azərbaycan bazarında bizim tərəfdaşımız yoxdur, lakin biz tərəfdaş axtarışını fəal surətdə davam etdiririk. Həmçinin biz yerli şirkətlərlə əməkdaşlığa da hazırıq. Artıq sirr deyil ki, Azərbaycan bazarı regionun mühüm seqmentidir. Yol infrastrukturunun inkişafı sahəsində yeni layihələrin həyata keçirilməsi bazarın inkişafı ilə nəticələnəcək ki, bu da bazara göstərilən diqqəti daha da artıracaq”, - deyə “IMMERGIS” şirkətinin marketinq və biznesin inkişafı üzrə meneceri bildirib.