CƏMİYYƏT


İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında Bilik günü qeyd edilib VİDEO

A+ A

Bakı, 15 sentyabr, Əziz Məmmədov, AZƏRTAC

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (MDTU) Bakı filialında Bilik gününə və yeni dərs ilinin başlanmasına həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Birinci MDTU-nun Bakı filialının rektoru, Milli Onkologiya Mərkəzinin baş direktorunun birinci müavini professor Əziz Əliyev, universitetin birinci prorektoru - innovasiya siyasəti və beynəlxalq fəaliyyət üzrə prorektor, professor Andrey Svistinov və qəbul komissiyasının məsul katibi Dmitri Morozov iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət himnləri səslənib.

Tədbirdə çıxış edən Bakı filialının rektoru, professor Əziz Əliyev yeni dərs ilinin başlanması münasibətilə birinci kurs tələbələrini təbrik edib, bu filialın yaranma tarixi barədə məlumat verib. Qeyd edilib ki, İ.M.Seçenov adına Birinci MDTU-nun Bakı filialı Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında, habelə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə yaranıb.

“2015-ci il sentyabrın 15-də dünyanın ən nüfuzlu ali məktəblərindən birinin Bakı filialının təntənəli açılış mərasimi olub. Heydər Əliyev Fondunun prezidenti, İ.M.Seçenov adına Birinci MDTU-nun məzunu və fəxri professoru Mehriban Əliyeva həmin tədbirdə iştirak edib. Filialın yaradılmasının məqsədi Azərbaycanda tibbi təhsili təkmilləşdirmək, bu sahədə dünyanın nüfuzlu təhsil mərkəzləri ilə əlaqələri genişləndirmək, habelə ölkə vətəndaşlarının Rusiyanın tibb universitetlərində təhsil almaq arzusunu reallaşdırmaqdır. Bakı filialına göstərilən dəstəyə görə İ.M.Seçenov adına Birinci MDTU-nun rektoru, professor Pyotr Qlıboçkoya da təşəkkür edirəm. Bakı filialında “Müalicə işi” ixtisası üzrə mütəxəssislər hazırlanır. Bu il birinci kursa 125 tələbə qəbul olunub, ümumilikdə, iki kursda 225 tələbə təhsil alır. Bizim müəllimlərin 85-90 faizi Moskvadan olan professorlardır, onların mühazirələri ən yüksək səviyyədə keçir”, - deyə Ə.Əliyev vurğulayıb.

Rektor Ə.Əliyev bildirib ki, Birinci MDTU-nun Bakı filialı Rusiyanın, ABŞ-ın və Almaniyanın, habelə ölkəmizin aparıcı klinikaları ilə müqavilələr bağlayıb. Təhsildə fərqlənən tələbələr həmin klinikalarda ixtisasartırma kursları keçəcəklər.

Professor Ə.Əliyev tələbələrə müraciətlə deyib ki, həkim özünü insanlara xidmətə həsr etməyə hazır olmalıdır. O, dünyada ən gözəl nemət – insan həyatı üçün məsuliyyəti öz üzərinə götürür. Həkimlik peşəsi yer üzündə ən nəcib, humanist və zəruri peşələrdən biridir. Həkim hər bir insana və xalqın sağlamlığına xidmət etməli, diqqətli və həssas olmalı, bütün xəstələrə qayğı ilə yanaşmalıdır.

Son illərdə Azərbaycanda bütün sahələrdə, o cümlədən təbabətdə sanballı uğurlar qazanıldığını xatırladan rektor deyib: “Ölkəmizdə onkoloji xəstəliklərin müalicəsi müasir standartlar səviyyəsinə çatdırılıb. Əvvəllər bütün onkoloji əməliyyatlar bir binada aparılırdısa, Milli Onkologiya Mərkəzinin cərrahiyyə korpusu tikiləndən sonra bu sahədə irəliləyiş müşahidə olunur. Bakıda fəaliyyət göstərən Milli Onkologiya Mərkəzi və Azərbaycan Tibb Universitetinin onkoloji klinikası ilə yanaşı, respublikanın 9 regionunda onkoloji dispanserlər yaradılıb. Prezident İlham Əliyevin diqqəti və qayğısı sayəsində Mərkəz hazırda ən yeni tibbi texnika, o cümlədən mobil diaqnostik kompleks ilə təchiz olunub. Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasının yaradılması bu sahədə atılan önəmli addımlardan biridir”.

Sonra Mərkəzdə onkoloji xəstələr üzərində əməliyyatlar aparılarkən tətbiq olunan yenilikləri əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən universitetin birinci prorektoru Andrey Svistinov bu ali məktəb haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, İ.M.Seçenov adına Birinci MDTU beynəlxalq reytinqdə Rusiyanın ən yaxşı tibbi profilli ali məktəbidir. A.Svistinov deyib: “2018-ci ildə Rusiyanın ən böyük, aparıcı və qocaman ali tibb məktəbinin yaradılmasının 260 illiyi tamam olur. İ.M.Seçenov adına Birinci MDTU-nun məşhur məzunları arasında bir çox görkəmli alimlər və tibb xadimləri var. Əlbəttə, Birinci MDTU-nun ən məşhur məzunu İvan Mixayloviç Seçenovdur ki, sonradan bu ali məktəbə onun adı verilib. Bizim ali məktəbin məşhur məzunlarından biri də hazırda İ.M.Seçenov adına Birinci MDTU-nun fəxri professoru olan Azərbaycanın birinci xanımı Mehriban Əliyevadır”.

Andrey Svistinov tələbələrə müraciətlə deyib: “Böyük alimlər və məşhur insanlar pleyadasını yetişdirmiş Rusiyanın ən yaxşı ali məktəbində təhsil almaq sizin üçün tale qisməti və nadir imkandır. Bununla bərabər, bizim universitetin unikallığı üzərinizə bir çox öhdəliklər də qoyur. Təbabət sadəcə peşə seçimi deyil. Bu, tale deməkdir, təbabətə sədaqət və hər dəqiqə, hətta hər saniyə ona xidmət etmək deməkdir”.

Tədbirin sonunda rektor Əziz Əliyev tələbələrə təhsildə uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.