SİYASƏT
İPƏK YOLU FONDU AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVƏ 2001-Cİ İLİN DÖVLƏT ADAMI MÜKAFATI VERMİŞDİR
Ölkəmizin Türkiyədəki səfirliyindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, Ankarada yerləşən İpək Yolu Vəqfinin idarə heyəti Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə yekdilliklə 2001-ci ilin Dövlət Adamı mükafatı verilməsini qərara almışdır.
Bununla əlaqədar Vəqfin sədri doktor Hasan Moğolun səfirliyə göndərdiyi məktubda deyilir ki, idarə heyəti bu qərarı qəbul edərkən Azərbaycan Prezidentinin aşağıdakı xidmətlərini əsas götürmüşdür:
2001-ci il 18 iyun tarixli fərmanı ilə avqustun 1-dən etibarən Azərbaycanda latın əlifbasına keçilməsi, mətbuatın, təhsilin, rəsmi yazışmaların, çıxışların Azərbaycan dilində olması, Azərbaycanın latın əlifbası ilə dünyaya açılması, İpək yolunda əlifba və dil birliyinin təmin edilməsi, türkdilli ölkələr arasında “türkcə dil körpüsünün” qurulması, “dildə, fikirdə, işdə birlik” şüarının həyata keçirilməsi, “Bir millət, iki dövlət” kəlamı ilə Türkiyə və Azərbaycanın sıx yaxınlaşdırılması, əlifba və dil birliyindən çıxış edərək “türk birliyinin” təmin edilməsi sahəsində böyük fəaliyyəti.
İpək Yolu Vəqfi 1997-ci ildə doktor Hasan Moğol və bir sıra alimlər, ictimai xadimlər tərəfindən yaradılmışdır. Mərkəzi Ankara şəhərində yerləşən Vəqf ötən dövrdə İpək Yolunun dirçəldilməsi sahəsindəki səmərəli fəaliyyəti ilə böyük nüfuz qazanmışdır.