İQTİSADİYYAT
İQTİSADİ İNKİŞAF NAZİRLİYİNİN MƏLUMATI
İqtisadi İnkişaf Nazirliyində geniş müşavirə keçirilmişdir.
Nazir F.Əliyev Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnamə”dən irəli gələn vəzifələrdən, indiyədək görülən işlərdən danışdı.
Sonra nazirliyin qurumlarının fəaliyyətinin təşkili ilə bağlı görülmüş işlər barədə departament rəhbərlərinin hesabatı dinlənildi.
Müşavirədə nazirliyin qarşısında qoyulmuş vəzifələrin həyata keçirilməsi yolları geniş müzakirə edildi. Bu vəzifələrin yerinə yetirilməsinin sürətləndirilməsi nazirin müvafiq əmrləri ilə iqtisadi sektorlar üzrə 1995-ci ildən etibarən məlumat bazasının formalaşdırılması, sosial-iqtisadi inkişafın üç illik ssenarisinin, sənayenin və kənd təsərrüfatının, emal sənayesinin bir sıra sahələri üzrə inkişaf proqramlarının hazırlanması, ixracata yardım fondunun yaradılması, mövcud pul-kredit sisteminin təhlili, daxili bazarın qorunması, beynəlxalq maliyyə və iqtisadi qurumları ilə əməkdaşlığın genişləndirilməsi üzrə təkliflərin hazırlanması, özəlləşdirmənin səmərəliliyinin artırılması, birjaların fəaliyyətinin dirçəldilməsi, sahibkarlığın inkişafı, investisiyaların təşviri məsələləri ilə bağlı konkret tapşırıqlar müəyyən edilmişdir.
Tədbirdə həmçinin nazirliyin əlaqədar qurumlarının özəlləşdirilən müəssisələrin restrukturizasiyası və sağlamlaşdırılması tədbirlərinin ardıcıl və sistemli şəkildə aparılması üçün xüsusi proqramın, alıcı marağının olmaması səbəbindən özəlləşdirilməsi mümkün olmayan müəssisə və obyektlər barədə təkliflərin hazırlanması, lisenziyalaşdırma və müqavilələrin qeydiyyat mexanizminin sadələşdirilməsi, mikrokredit mexanizminin yaradılması, kiçik və orta sahibkarlıq üçün lizinq xidmətlərinin inkişaf etdirilməsi, antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarətin gücləndirilməsi, dövlət təşkilatlarının göstərdikləri pullu xidmətlərin monitorinqinin və ekspertizasının təşkili barədə vəzifələr müəyyənləşdirildi.
Nazir F.Əliyev müşavirəni yekunlaşdıraraq qarşıya qoyulmuş vəzifələrin icrasının təmin olunması üçün konkret tapşırıqlar verdi.