İQTİSADİYYAT
İQTİSADİ İNKİŞAF NAZİRLİYİNİN MƏLUMATI
Müəssisələrin investisiya müsabiqələri vasitəsilə özəlləşdirilməsinin ölkə iqtisadiyyatının qeyri-neft sektoruna sərmayə axınının gücləndirilməsi və özəlləşdirmə prosesinə strateji investorların cəlb edilməsi üsullarından biri kimi əhəmiyyəti böyükdür.
Indiyədək 18 orta və iri müəssisənin satışı üzrə investisiya müsabiqəsi keçirilmişdir. Bu müəssisələr üzrə 300 milyon ABŞ dollarından artıq məbləğdə investisiya qoyuluşu nəzərdə tutulmuşdur. Artıq investisiya müsabiqələrinin qalibləri tərəfindən bu müəssisələrə 100 milyon ABŞ dollarından çox vəsait yatırılmışdır.
Keçirilmiş investisiya müsabiqələrinin şərtlərinə uyğun olaraq, dövlət büdcəsinə 27,5 milyard manata yaxın vəsait ödənilməsi nəzərdə tutulmuşdur ki, artıq bunun 23,5 milyard manatının büdcəyə ödənilməsi təmin edilmişdir.
Investisiya müsabiqələrinin qalibləri ilə imzalanmış alqı-satqı müqavilələrinə əsasən, 852 min ədəd dövlət özəlləşdirmə çekinin və 499 min ədəd dövlət özəlləşdirmə opsionunun təqdim olunması nəzərdə tutulmuşdur. Artıq 777 min dövlət özəlləşdirmə çeki və 499 min ədəd dövlət özəlləşdirmə opsionu təqdim olunmuşdur.
Nazirliyin Dövlət əmlakının özəlləşdirilməsi departamenti tərəfindən investisiya müsabiqələrinin qalibləri ilə imzalanmış alqı-satqı müqavilələrində nəzərdə tutulan şərt və öhdəliklərin yerinə yetirilməsinə xüsusi diqqət verilir. Müqavilələr üzrə götürülmüş öhdəliklərə əməl olunması məqsədi ilə müsabiqə qalibləri ilə müntəzəm görüşlər keçirilir, investisiya proqramlarında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi barədə müstəqil auditorlar tərəfindən təsdiq edilmiş hesabatlar təhlil edilir, öhdəliklərə əməl olunması vəziyyəti mütəmadi olaraq araşdırılır.