İQTİSADİYYAT
İQTİSADİ İNKİŞAF NAZİRLİYİNİN MƏLUMATI
“Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi qaydaları”na müvafiq olaraq Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamenti “Azyolmaş” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan etmişdi.
Iddiaçılar qarşısında qoyulan maliyyə-iqtisadi şərtlərdən başlıcası investisiya qoyuluşuna dair təkliflərin verilməsi idi.
Investisiya müsabiqəsinə 25 aprel 2002-ci il tarixində yekun vurulmuş və müsabiqə komissiyasının açıq səsvermə yolu ilə qəbul etdiyi qərara əsasən, “İndependent” Məhdud Məsuliyyətli Cəmiyyəti “Azyolmaş” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilmişdir.
Müsabiqənin şərtlərinə müvafiq olaraq, “İndependent” Məhdud Məsuliyyətli Cəmiyyəti alqı-satqı müqaviləsi imzalandığı tarixdən 30 iş günü müddətində 570 milyon manat məbləğində pul vəsaitini dövlət büdcəsinə ödəməli, 40.000 ədəd dövlət özəlləşdirmə çeki təqdim etməli, təqdim etdiyi investisiya proqramında qeyd olunan ilkin işlərin həyata keçirilməsi üçün 36 milyon manat məbləğində pul vəsaitini “Azyolmaş” Açıq Səhmdar Cəmiyyətinin hesablaşma hesabına köçürməlidir.
“İndependent” Məhdud Məsuliyyətli Cəmiyyəti alqı-satqı müqaviləsi ilə müəyyən ediləcək digər şərtləri və təqdim etdiyi investisiya proqramında nəzərdə tutulmuş 1,2 milyard manat məbləğində investisiyanın bir il ərzində iki mərhələ üzrə qoyuluşuna dair öhdəliyi yerinə yetirməlidir.
Investisiyalar zavod ərazisinin abadlaşdırılması, sexlərin, yol maşın və avadanlıqlarının təmiri, yeni texnikanın alınması və xammalın əldə edilməsinə sərf olunacaqdır.
İnvestisiya proqramında həmçinin, işçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması tədbirlərinin həyata keçirilməsi də nəzərdə tutulmuşdur.