İQTİSADİYYAT
İQTİSADİ İNKİŞAF NAZİRLİYİNİN MƏLUMATI
Məlumat verildiyi kimi, “Kicik su elektrik stansiyalarının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2001-ci il tarixli Sərəncamının icrasını təmin etmək məqsədi ilə İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamenti “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, kiçik su elektrik stansiyalarının özəlləşdirilməsi üçün məsləhətçi seçilməsi üzrə tender keçirmişdir.
Tenderin nəticələrinə görə, “ASPI Concalting & Engineering Company” firması tenderin qalibi elan edilmişdir.
Nazirliyin Dövlət əmlakının özəlləşdirilməsi departamenti və qalib firma arasında məsləhətçi xidmətləri göstərilməsi üzrə müqavilə imzalanmışdır.
“ASPI Concalting & Engineering Company” firması ilə bağlanmış müqaviləyə əsasən, növbəti yarımil ərzində kiçik SES-lərin hərtərəfli maliyyə, iqtisadi, texniki, ekoloji təhlili və onların səmərəli satışı ilə bağlı təkliflərin hazırlanması, kiçik SES-lərin fəaliyyətinin beynəlxalq norma və standartlar səviyyəsinə çatdırılması üçün tələb olunan investisiyaların minimum həcminin müəyyən edilməsi, kiçik SES-lərin istehsal etdiyi elektrik enerjisinin satışına dair təkliflərin hazırlanması, strateji investorların cəlb edilməsi üzrə lazımi kömək göstərilməsi, müsabiqə sənədlərinin (iddiaçılar qarşısında qoyulacaq şərt və tələblər, iştirakçılara təlimat və s.), hər bir kiçik SES üzrə keçiriləcək müsabiqənin qalibi ilə imzalanacaq alqı-satqı müqaviləsinin layihələrinin hazırlanması və s. nəzərdə tutulur.