SİYASƏT
İQTİSADİ İNKİŞAF NAZİRLİYİNİN MƏLUMATI
Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2002-ci il tarixli Sərəncamı ilə İqtisadi İnkişaf Nazirliyi ilə “Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları” Səhmdar Cəmiyyəti arasında bağlanmış “Əli Bayramlıelektrikşəbəkə” Səhmdar Cəmiyyətini idarə etmək hüququna dair Müqavilə təsdiq edilmişdir.
Müqavilənin şərtlərinə uyğun olaraq, “Əli Bayramlıelektrikşəbəkə” SC-ni idarəetməyə götürən “Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları” Səhmdar Cəmiyyəti dövlətə 750 min ABŞ dolları məbləğində konsessiya haqqı ödəməlidir.
“Bakı Yüksək Gərginlikli Elekrtik Avadanlıqları” Səhmdar Cəmiyyəti idarəetmənin ilk 6 ili ərzində (ikinci ildən başlayaraq hər il 1 faiz) texniki itkilərin səviyyəsini mövcud 16 faizdən 11 faizə endirəcəkdir. Bundan başqa, idarəetməyə götürən elektrik enerjisindən istifadə haqqının yığım səviyyəsinin artırılması ilə bağlı işlərin gücləndirilməsini də nəzərdə tutur.
İdarəetməyə götürən “Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları” SC “Azərenerji” SC-dən alınan elektrik enerjisinin haqqının idarəetmənin ilk 8 ili ərzində 30-80 faizədək olan hissəsini ödəməli, idarəetmənin 8-ci ilindən etibarən ödənişləri 100 faiz həcmində təmin etməlidir. İdarəetmənin ilk 8 ili ərzində “Azərenerji” SC-nə yaranmış borcların müvafiq olaraq, idarəetmənin 9-cu ilindən başlayaraq, 18-ci ilinədək (10 il ərzində) olan müddətdə hissə-hissə ödənilməsi nəzərdə tutulur.
İdarəetmənin ilk 5 ili ərzində “Əli Bayramlıelektrikşəbəkə” SC-nə 28,8 milyon ABŞ dolları həcmində investisiya qoyuluşu planlaşdırılır. İnvestisiyalar əsasən, maşın və avadanlıqların alınmasına, yenidənqurma və əsaslı təmir işlərinə, elektrik xətlərinin və transformatorların tədricən yeniləşdirilməsinə, kompüter şəbəkəsinin təşkilinə sərf olunacaq. İdarəetmə müddətində hər üç ildən bir İnvestisiya Planı dəqiqləşdiriləcək və dövlət orqanları ilə razılaşdırılmaqla həyata keçiriləcəkdir.
“Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları” Səhmdar Cəmiyyəti idarəetmə illəri ərzində istehlakçıların keyfiyyətli və etibarlı enerji təchizatını təmin etməlidir. Elektrik enerjisinin keyfiyyət göstəricilərinin qəbul olunmuş standartlara uyğun gəlməməsi səbəbindən istehlakçılara ziyan dəyərsə, Azərbaycan Respublikasının qanunvericilik çərçivəsində idarəetməyə götürən belə istehlakçılara konpensasiya ödəməlidir.
İdarəetmə müddətində işçilərin əmək haqqının artırılması nəzərdə tutulur.