CƏMİYYƏT


İRƏLİ “SAY: Solidarity” layihəsinə start verir

Bakı, 3 iyun, AZƏRTAC

Azərbaycan illər boyu tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunub.

“İRƏLİ” İctimai Birliyinin uzun müddətdir davam edən könüllülüyün təbliği sahəsindəki fəaliyyətlərin davamı olaraq, “SAY” hərəkatının 5-ci fəaliyyəti çərçivəsində təşkil etdiyi layihə “İslam Həmrəyliyi İli”nə həsr olunub. Açıq hava şəraitində qurulmuş yaşayış çadırlarında qalacaq gənclər müxtəlif istiqamətlər üzrə aparılan inkişafetdirici fəaliyyətlərin cəmiyyət üçün rolu və gələcəkdə onlara nə kimi imkanlar yarada biləcəyi haqqında daha ətraflı məlumatlar əldə edəcəklər. Maarifləndirici əhəmiyyət daşıyan bu layihədə ekspertlərlə görüşlər, təlim və seminarlar keçiriləcək, həmçinin bunlarla paralel olaraq gənclər bir sıra sosial, idman və intellektual yarışma yönümlü fəaliyyətlərdə yer alacaqlar.

“Support of Azerbaijan Youth (SAY): Solidarity” layihəsinin əsas məqsədi – Azərbaycanda İslam həmrəyliyinin möhkəmləndirilməsində gənclərin rolunun artırılması, tolerantlıq prinsiplərinin və “yaşıl düşüncə”nin formalaşdırılması, mədəniyyətlərarası təbliğatda gənclərin aktiv iştirakını təmin etməklə, ümumilikdə gənclər şəbəkəsinin inkişafına nail olunmasıdır.

“SAY” hərəkatı altında keçirilən və sayca 5-ci olan “SAY: Solidarity” layihəsi “Azərbaycan gəncliyi 2016-2020-ci illərdə" Dövlət Proqramına müvafiq olaraq Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 2017-ci il üçün seçilmiş gənclər paytaxtı olan Balakən rayonunda keçiriləcək.

“İRƏLİ” İctimai Birliyi "SAY: Support of Azerbaijan Youth” hərəkatı adı altında “SAY: Könüllülük Akademiyası”, “SAY: Green”, “SAY: Multikulturalizm” və “SAY: Volunteering Festival” kimi böyük layihələri həyata keçirib və yüzlərlə gənci öz ətrafında toplamağı bacarıb.

Layihə haqqında məlumat almaq və iştirak etmək istəyən gənclər (http://ireli.az/product/say-solidarity/) linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.