İQTİSADİYYAT
İRAQ NEFTİ ABŞ-IN İDXALINI 100 İL TƏMİN EDƏCƏKDİR
“Taym” jurnalı Amerika ekspertlərinə istinadən yazır ki, İraq ərazisindəki neft ehtiyatları ABŞ-ın idxal tələbatını yaxın 100 il ərzində tamamilə və aramsız ödəyə bilər. Jurnalın məlumatına görə, Amerika şirkətləri İraqda neft hasilatında yalnız Bağdadda rejim dəyişildiyi halda iştirak etməyi mümkün sayırlar.
“Taym” yazır ki, Amerika xüsusi təyinatlı dəstələri İraqa qarşı hərbi əməliyyatların ilk anlarından neft buruqlarının yandırılmasının qarşısını almaq üçün ölkə ərazisindəki bütün əsas neft yataqlarını nəzarət altına almalıdırlar.
ABŞ-ın neft şirkətlərindəki mənbələr bildirmişlər ki, “Hallibarton”, “Şlumberger”, “Bektel qrup” və “”Beyker Hyuz” neft şirkətləri İraqda hərbi əməliyyatlar başa çatdıqdan sonra bu ölkənin neftçıxarma sənayesinin bərpası üçün nəzərdə tutulan 2 milyard dollarlıq müqavilələri öz aralarında bölə bilərlər.
Neftçıxarma sənayesinin tezliklə bərpası ABŞ-ın maraqlarına uyğundur. Belə ki, Amerika ekspertlərinin bədbin proqnozlarına görə, əgər Bağdad öz neft yataqlarını sıradan çıxarsa və qonşu ölkələrin yataqlarına zərbə endirsə, regionda neft hasilatı sutkada 6 milyon barrel aşağı düşəcəkdir ki, bu da dünya bazarına çıxarılan neftin 8 faiz azalması deməkdir.