MƏDƏNİYYƏT
“İRS-Patrimonio” jurnalının növbəti nömrəsi İtaliyada böyük maraqla qarşılanıb
Roma, 25 dekabr, AZƏRTAC
Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, ictimai-siyasi və sosial həyatı ilə bağlı İtaliya ictimaiyyətini məlumatlandıran “İRS-Patrimonio” jurnalının növbəti nömrəsi böyük maraqla qarşılanıb.
Nəşr ölkəmizdə neft sənayesinin tarixi, incəsənətimiz, Qarabağ mətbəxi və digər mövzularla bağlı önəmli məlumatları əks etdirir.
Jurnalın baş redaktoru Musa Mərcanlının “Azərbaycan nefti və İtaliya” sərlövhəli məqaləsində bildirilir ki, Azərbaycan hələ qədim dövrlərdən neft sənayesinin inkişafına görə dünyanın aparıcı ölkələrindən biri olub. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanda enerji sektoru yeni inkişaf mərhələsinə qədəm qoyub. Hazırda ölkəmiz qlobal enerji bazarının önəmli aktorlarından birinə çevrilib.
“XIX-XX ərlərdə Azərbaycan neftinin xarici bazarlara çıxarılması” sərlövhəli digər bir yazıda isə arxiv sənədləri əsasında Azərbaycan neftinin xarici bazarlara çıxarılmasının tarixi mərhələləri və bu neftin tədricən strateji xarakterli məhsula çevrilməsi təhlil olunur.
Jurnalda oxucuların marağına səbəb olan məqalələrdən biri də Azərbaycanın milli geyimləri ilə bağlıdır. Xalqımızın mədəni xüsusiyyətlərinin, adət-ənənələrinin və milli dəyərlərinin ən gözəl inikası olan milli geyimlərimiz haqqında ətraflı məlumatların yer aldığı yazıda müxtəlif tarixi dövrlərdə qadınların və kişilərin üst geyim növləri, regionlarımızda məşhur olan parça çeşidlərindən bəhs edilir.
Nəşrin ədəbiyyat bölməsində Rusiya Elmlər Akademiyasının Dünya Tarixi İnstitutunun İtaliyadakı nümayəndəsi, professor Mixail Talalayın müəllifi olduğu “Qafqazdan Apenninədək. Azərbaycanlılar İtaliyanın müqavimət hərəkatında” kitabı ilə bağlı məlumatlar yer alıb. Bildirilir ki, müxtəlif fotoları və arxiv sənədlərini özündə əks etdirən nəşrdə azərbaycanlı partizanların qəhrəmanlıqlarından danışılır.
Jurnalda yer alan digər yazılarda isə Azərbaycanda müalicə-sağlamlıq turizmi, italiyalı tədqiqatçının gözü ilə keçmişin və gələcəyin vəhdət təşkil etdiyi Bakı, ölkəmizdə astrofizika sahəsində əldə olunan nailiyyətlər, Azərbaycanda teatr sənətinin tarixi və keçdiyi şərəfli yol, Qarabağ xanlığının yaranması, bu bölgənin tarixi abidələri və klassik xalq yaradıcılığı musiqisinin əsas janrı muğam ilə bağlı maraqlı məqamlar əks olunub.
Nəşrdə, həmçinin Qarabağ mətbəxinin ləziz təamları ilə bağlı oxuculara məlumat verilir. Diqqətə çatdırılır ki, Qarabağ mətbəxi Azərbaycanın ənənəvi milli mətbəx mədəniyyətinin tərkib hissəsidir.
Yazıda bölgə sakinlərinin qida rasionuna daxil olan ərzaqlarından və yeməklərin hazırlanma qaydalarından geniş bəhs edilir.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma