ELM VƏ TƏHSİL
ISESCO-nun baş direktoru: Bakı Ali Neft Məktəbi regionun ən nüfuzlu universitetlərindəndir
Bakı, 11 may, AZƏRTAC
Bakı Ali Neft Məktəbi (BANM) regionun ən nüfuzlu universitetlərindəndir.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, bunu İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) baş direktoru, İslam Dünyası Universitetləri Federasiyasının (FUIW) prezidenti Əbdüləziz bin Osman əl-Tuveycri Bakı Ali Neft Məktəbinin yeni açılmış kampusunun qonağı olduğu zaman söyləyib.
ISESCO-nun baş direktoru deyib: “Prezident İlham Əliyevin iştirakı ilə kampusun açılışından sonra BANM-in ilk qonağı olmaq mənim üçün böyük şərəfdir. Dövlət başçısı ilə görüş zamanı mən onu dünya standartlarına cavab verən müasir təhsil müəssisəsinin açılışı münasibətilə təbrik etdim. Bu gün mən BANM-in kollektivini belə gözəl kampusa malik olmağı münasibətilə təbrik edirəm. Əminəm ki, yeni açılan tələbə şəhərciyi BANM-ə dünyanın hər yerindən tələbə, müəllim və elm adamlarını dəvət etməyə imkan verəcək”.
Əbdüləziz bin Osman əl-Tuveycri hazırda Bakının dünya ictimaiyyətinin diqqət mərkəzində olduğunu vurğulayıb. O deyib: “Azərbaycan bütün dünya üçün uğur modeli nümunəsinə çevrilməkdədir. Şahidi olduğum bu böyük dəyişiklikləri, heyrətamiz nailiyyətləri və son on ildəki inkişaf tempini analoqu olmayan və qeyri-adi uğurlar adlandırmaq olar. Azərbaycanın qısa müddətdə qazandığı nailiyyətlər bir möcüzədir və BANM-in əməkdaşları, tələbələri bununla fəxr edə bilərlər. Bu gün Bakı Ali Neft Məktəbi regionun ən nüfuzlu universitetlərindəndir. Bu ali məktəbin kollektivinə dana böyük uğurlar arzulayır və ümid edirəm ki, ISESCO və İslam Dünyası Universitetləri Federasiyası gələcəkdə də BANM-lə sıx əməkdaşlığı inkişaf etdirəcək. Əminliklə deyə bilərəm ki, BANM yalnız təhsil müəssisəsi olmayacaq, hətta yaxın gələcəkdə beynəlxalq bilik və təcrübə mübadiləsi üçün forum, genişmiqyaslı elmi tədqiqatlar üçün mərkəz olmaq imkanlarını reallaşdıracaq. İslam Dünyası Universitetləri Federasiyasının neft sektoruna həsr olunmuş növbəti beynəlxalq konfransını BANM-in yeni kampusunda keçirəcəyimizlə bağlı rektor Elmar Qasımovla razılığa gəlmişik”.