DÜNYA
İŞİD-in başçısı uzun fasilədən sonra ictimaiyyət qarşısında görünüb
Bakı, 20 sentyabr, AZƏRTAC
İŞİD terrorçu qruplaşmasının başçısı Əbu Bəkr əl-Bağdadi uzun aylar fasilədən sonra İraqın Mosul şəhərinin rayonlarından birində ictimaiyyət qarşısında görünüb. Bu barədə “As-Sumariya” telekanalı məlumat yayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, telekanalın məlumatına görə, əl-Bağdadi şəhərdə yaranmış gərgin vəziyyət səbəbindən sığınacağını tərk edib və mühafizəçilərinin əhatəsində Mosulun küçələrinə çıxıb. İŞİD-in birinci şəxsinin zirehli avtomobildə ər-Risalya məhəlləsində göründüyü bildirilir.
Bu gün səhərdən radikalların birləşmələrinin Mosulda kütləvi yerdəyişmələri qeydə alınıb. Onlar əsasən şəhər kənarında cəmləşirlər. Qruplaşma tərəfindən şəhərə bütün avtomobillərin girişinə qadağa qoyulub. Yaraqlıların nizamsız yerdəyişmələri və başçının qəfil peyda olması qruplaşmanın xüsusi müraciətində “fövqəladə vəziyyətlərdə fəaliyyətin işlənib hazırlanması üzrə taktiki təlim” kimi qələmə verilib.
İŞİD 500 min nəfərdən çox əhalisi olan Mosul şəhərini İraqdakı paytaxtı hesab edir. Şəhər 2014-cü il iyunun 10-da qruplaşmanın hücumu zamanı hökumət qüvvələri tərəfindən döyüşsüz tərk edilib. Hərbi mütəxəssislərin hesablamalarına görə, hazırda şəhərdə 10 minədək yaraqlı cəmləşə bilər.
Əldə olan məlumatlara əsasən, Mosul şəhərində nəzarəti bərpa etmək üçün hökumət qüvvələrinin Beynəlxalq koalisiyasının aviasiya dəstəyi ilə bu ilin oktyabrında genişmiqyaslı hərbi kampaniyaya başlayacağı gözlənilir.