DÜNYA
İŞİD-lə mübarizədə həlledici an: Mosul əməliyyatı
Bakı, 17 oktyabr, AZƏRTAC
İŞİD yaraqlılarının Mosuldan çıxarılması üçün İraq ordusu tərəfindən başlanan əməliyyat bir neçə həftə və ya daha artıq davam edə bilər. Bu barədə ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın birləşmiş qüvvələrinin komandanı general-leytenant Stiven Taunsend bildirib. “Mübarizə uzun çəkə və amansız ola bilər. İraqlılar buna hazırlaşıblar və biz onlara dəstək verəcəyik”, - deyə general qeyd edib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, böyüklüyünə görə İraqın ikinci şəhəri olan Mosul 2014-cü ildən bəri İŞİD qruplaşmasının əsas dayaq məntəqəsi və bu ölkədəki paytaxtı sayılır. İraq ordusu və onun müttəfiqləri son zamanlar şəhər üzərinə həlledici hücuma hazırlaşırdı. Rudaw agentliyinin məlumatına görə, Mosula hücumda 30 minə yaxın döyüşçü iştirak edəcək. Yaraqlıların şəhərdəki canlı qüvvəsinin isə 3-4,5 min nəfər olduğu təxmin edilir.
Xatırladaq ki, oktyabrın 17-nə keçən gecə İraqın Baş naziri Heydər əl-Abadi Mosul uğrunda hərbi əməliyyatların başladığını elan edib.