DÜNYA
İŞİD qruplaşmasının başçısı öz varisini seçir
Bakı, 10 noyabr, AZƏRTAC
İŞİD qruplaşmasının başçısı Əbu Bəkr əl-Bağdadi öləcəyi təqdirdə onun yerini tutacaq varisini seçir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, İraqın Naynava əyalətində olan mənbənin məlumatına əsasən, İŞİD qruplaşmasının informasiya aparatı əl-Bağdadinin komandirlərdən birinin onun müavini və varisi seçilməsi ilə bağlı göstərişini yayıb. Bu addım Mosulda və digər yerlərdə İŞİD-ə qarşı aparılan genişmiqyaslı əməliyyatların liderin həyatı üçün yaratdığı təhlükə ilə izah olunur. Lakin hazırda qruplaşma sıralarında parçalanmaya yol verməmək üçün varisin adı açıqlanmır.
Xatırladaq ki, Mosulun uğrunda irimiqyaslı əməliyyatlar oktyabrın 17-də səhər saatlarında başlayıb. Əməliyyatlarda hökumət qüvvələri ilə yanaşı, kürd birləşmələri, həmçinin beynəlxalq antiterror koalisiyası da iştirak edir. Hazırda İŞİD-in Suriyada əsas dayaq məntəqəsi sayılan Rakka şəhərinin azad edilməsi üçün də əməliyyat planlaşdırılır.
Noyabrın 7-də İraqın hökumət qüvvələrinin mətbuat xidməti əl-Bağdadinin Mosul şəhərini tərk etdiyini bildirmişdi.