DÜNYA
İŞİD yaraqlıları yapon jurnalist Kenzo Qotonu qətlə yetiriblər
Tokio, 1 fevral, AZƏRTAC
İŞİD yaraqlıları ikinci yapon girov Kenzi Qotonu da qətlə yetiriblər. Girovun başı kəsilmiş vəziyyətdə videokadrları internet şəbəkəsinə yerləşdirilib. Bu barədə İŞİD yaraqlılarının internetdəki fəaliyyətinin monitorinqini aparan SITE təşkilatı məlumat yayıb.
Videokadrlarda SITE təşkilatının “Cihad Con” adlandırdığı şəxs deyir: “Yaponiya hökumətinə müraciət edirəm. Siz və sizin müttəfiqlər bir məsələni başa düşməlisiniz – biz sizin qanınıza susamışıq”.
İnternetə yerləşdirilmiş videokafrlar çox güman ki, həqiqidir. Bu barədə juranlistlərə Yaponiyanın müdafiə naziri Qen Nakatani məlumat verib. Q.Nakatani deyib: “Polis hesab edir ki, videokadrlardakı şəxs həqiqətən də Kenzi Qotodur”. İŞİD tərəfindən yayımlanan bu və digər videoların həqiqiliyinin müəyyən olunması ilə Yaponiya Baş Polis İdarəsi məşğul olur.
Girovun taleyi ilə bağlı son informasiya ilə əlaqədar Yaponiyanın Baş naziri Şinzo Abe ölkənin milli təhlükəsizlik şurasının iclasını keçirib. İclasda hökumət girovun qətli ilə bağlı yayılmış informasiya ilə əlaqədar yaranmış vəziyyəti müzakirə edib.
K.Qotonun qətlinə kəskin reksiya verən Baş nazir Şinzo Abe başvermiş hadisəni insanlıqdan kənar və nifrətə layiq adlandırıb. Ş.Abe juranalistlərə deyib: “Mən bu insanlıqdan kənar və nifrətə layiq hərəkətə görə hədsiz dərəcədə qəzəblənmişəm və nifrət hissi keçirirəm. Bizim ölkəmiz beynəlxalq ictimaiyyətlə əməkdaşlıq çərçivəsində terrorizmə qarşı mübarizədə qəti mövqeyini davam etdirəcəkdir. Yaponiya hökuməti bu vəziyyətin həlli üçün bütün gücünü sərf edib. Buna baxmayaraq, biz dərin təəssüf hissi keçiririk”. Baş nazir həmçinin bildirib ki, Yaponiya terrorizmə qarşı mübarizə aparan Yaxın Şərq ölkələrinə maddi və humanitar yardım göstərilməsini davam etdirəcəkdir.
Kenzi Qotonun anası Cünko İşida isə juranalistlərə deyib ki, vəziyyətini anlatmaq üçün söz tapa bilmir: “Mən yalnız hamının oğlumun necə mehriban və cəsarətli olduğunu bilməsini istəyirəm”.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio