İQTİSADİYYAT
İSTANBULDA 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜNƏ HƏSR OLUNMUŞ SİMPOZİUM KEÇİRİLMİŞDİR
İstanbul valiliyi və bələdiyyəsinin təmsilçilərinin, Türkiyə ictimaiyyəti nümayəndələrinin iştirak etdikləri tədbirdə ordu generalları Necdət Timur və Şener Əruyğur, tanınmış politoloq Ərol Mütərcimlər, İstanbul Vəkillər Birliyinin sədri Ərol Kirəcli, baş konsul İbrahim Yaqubov və Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver ermənilərin 200 il ərzində Azərbaycanda və Türkiyədə dinc əhaliyə qarşı törətdikləri qətliamlardan bəhs etdilər.
Öz işini “31 mart - Azərbaycanlıların soyqırımı”, “Türkiyə-Azərbaycan münasibətləri və ortaq diaspor fəaliyyətləri”, “Ümummilli dəyərlər və erməni təbliğatına qarşı ümumi fəaliyyət proqramının hazırlanması” bölmələrində davam etdirən simpoziumda Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanının əhəmiyyətindən bəhs edən türk ictimaiyyətinin nümayəndələri, Türkiyənin də soyqırımı gününü dövlət səviyyəsində qeyd etməsi və bu sahədə ölkəmizin təcrübəsindən bəhrələnməyin zəruriliyini vurğuladılar.
Simpozium çərçivəsində Amerika tarixçisi Samuel Vinsin erməni terrorundan bəhs edən “Ermənistan – terrorçu xristian dövlətinin sirləri” kitabının təqdimatı keçirildi. Bundan əvvəl Azərbaycan dilində nəşr olunmuş bu qiymətli tədqiqat əsəri türk dilinə ölkəmizin İstanbuldakı baş konsulluğunun təşəbbüsü ilə tərcümə olunmuşdur.
Konfrans iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Xocalı soyqırımı” filmi də göstərilmişdir.