ELM VƏ TƏHSİL
IT STEP akademiyasının təqdimatı olub
Bakı, 17 sentyabr, AZƏRTAC
9 nömrəli Bakı Peşə Liseyinin bazasında yaradılan IT STEP akademiyasının açılışdan sonra təqdimatı olub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə nazirlik yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev akademiya haqqında məlumat verib. Bildirilib ki, IT STEP akademiyası 1998-ci ildə yaradılıb və hazırda dünyanın 17 ölkəsində 44 filialı var.
Akademiyada üç ixtisas sahəsi - kompyuter qrafikası və dizayn, proqram təminatı, şəbəkə texnologiyası üzrə mütəxəssislər hazırlanır. Tədris prosesi 1900 akademik saatdan ibarətdir və iki il yarım çəkir. IT STEP-i bitirən müdavimlərə diplomla yanaşı, “Cisco Microsoft” və “Autodesk” şirkətlərinin sertifikatları da verilir.
Eyni zamanda qeyd edilib ki, Bakıda fəaliyyətə başlayan akademiyada 8 yaşından 55 yaşınadək 2 min 100 nəfər təhsil ala bilər. Hazırda IT STEP-də təhsil almaq üçün 210 nəfər sənəd verib, ilin sonunadək bu rəqəmin 500-ə çatacağı gözlənilir.
Burada təhsil əsasən ödənişli əsaslarla olacaq. Peşə təhsili sistemində oxuyanların bir qismi pulsuz təhsil almaq imkanı əldə edəcək.
Akademiyada 17 kompyuter sinfi, robot texnikası, bədii studiya, qrafik dizayn və fotostudiyadan ibarət dörd ixtisaslaşdırılmış laboratoriya fəaliyyət göstərəcək.