CƏMİYYƏT
IV İslam Həmrəylik Oyunları zamanı tibbi xidmətin təşkili məqsədilə 600-ə qədər könüllü cəlb olunacaq
Bakı, 22 fevral, AZƏRTAC
Mayın 12-dən 22-dək ölkəmizdə keçiriləcək IV İslam Həmrəylik Oyunları zamanı tibbi xidmətin təşkili məqsədilə 600-ə qədər könüllü cəlb olunacaq. Təlimlər Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Korpusunda keçirilir.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, keçirilən təlimlər barədə İslam Oyunları Təşkilat Komitəsinin baş tibbi məsləhətçisi Samir Zeynalov məlumat verib. S.Zeynalov bildirib ki, bütün könüllülər fevral-mart ayları ərzində müxtəlif tibbi təlimlərə cəlb olunacaqlar. Fevral ayının 6-dan bu günə qədər artıq 360 tibbi yardım könüllüsü təlimlərə cəlb olunub.
Təlimlərin iştirakçıları oyunlar zamanı ilkin tibbi yardımın strukturu, təşkili haqqında məlumatlandırılıb, praktiki vərdişlərə yiyələniblər.
Təlimlər zamanı ən müasir təlim və tədris avadanlıqlarından istifadə olunduğunu deyən S.Zeynalov ATU-nun 200-ə qədər tələbəsinin də bura cəlb ediləcəyini bildirib. Qeyd olunub ki, ilk tibbi yardım və həyatın vacib saxlanması vərdişlərini mənimsəyən tələbələr könüllü olaraq oyunlar zamanı Təşkilat Komitəsinə dəstək olacaqlar. Təlimlərin həyata keçirilməsində göstərilən dəstəyə görə ATU-nun Tədris Cərrahiyyə Korpusunun direktoru, professor Surxay Hadıyevə minnətdarlığını bildirən məsləhətçi əməkdaşlığın gələcəkdə daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu qeyd edib.