İDMAN
IV İslam Həmrəylik Oyunlarında 49 ölkə iştirakını təsdiqləyib VİDEO
Bakı, 8 noyabr, AZƏRTAC
“Bakı-2017” IV İslam Həmrəylik Oyunlarının başlanmasına altı ay qalıb. Hazırlıq plana uyğun olaraq davam edir. Əlaqələndirmə Komissiyasının bundan əvvəlki – üçüncü iclası cari ilin mayında Bakıda təşkil olunmuşdu. O gündən bəri bir neçə vacib məsələlər həllini tapıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri noyabrın 8-də Bakıda IV İslam Həmrəylik Oyunlarının Əlaqələndirmə Komissiyasının dördüncü iclasına həsr olunmuş mətbuat konfransında “Bakı-2017”nin icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov deyib.
Hazırlıq prosesinə xaricdən mütəxəssislərin dəvət olunduğunu deyən nazir bildirib ki, irimiqyaslı yarışın təşkilinə yerli kadrlar da cəlb edilib. Yarış 16 idman qurğusunda keçiriləcək. İlk Avropa Oyunlarında olduğu kimi, Atletlər kəndi “Bakı-2017”də də idmançıları qəbul edəcək. Hazırda 49 ölkə “Bakı-2017”də iştirakını təsdiqləyib. Bu rəqəmin artacağı gözlənilir.
“Mütəxəssislərin iştirakı ilə IV İslam Həmrəylik Oyunlarının yarış cədvəli hazırlanır. İlin sonunadək cədvəl hazırlanaraq təhvil veriləcək. Bundan sonra Oyunlara neçə idmançının qatılacağını dəqiq söyləmək mümkün olacaq. Hesablamalarımıza görə, yarışa 3-3,5 min idmançının qatılması nəzərdə tutulur”, - deyə Azad Rəhimov diqqətə çatdırıb.
Nazir “Bakı-2017”də möhtəşəm açılış və bağlanış mərasimlərinin təşkil olunacağını bildirərək deyib: “Açılış mərasimi Azərbaycanda keçirilən birinci Avropa Oyunlarından və digər yarışlardan zəif olmayacaq. İnanıram ki, hər şey yüksək səviyyədə olacaq. Biletlər isə hər idman qurğusunun yanında və tərəfdaşlar tərəfindən satılacaq. Biletləri internet vasitəsilə də almaq mümkün olacaq. Qiymətlər isə Avropa Oyunlarındakından baha olmayacaq. Biletləri gələn ilin mart və ya aprel ayından satışa çıxarmağı planlaşdırırıq”.
Azərbaycanın yarışa yüksək səviyyədə hazırlaşdığını diqqətə çatdıran İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) birinci vitse-prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, polkovnik Hamad Kalkaba Malboum ölkəmizin yüksək təşkilatçılıq qabiliyyətindən söhbət açıb. Vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev “Bakı-2017” IV İslam Həmrəylik Oyunlarına yüksək önəm verir və hazırlıq prosesini diqqət mərkəzində saxlayır. Bu oyunların hazırlıq prosesi yüksək əhval-ruhiyyədə aparılır. Burada iştirak etmək bizim üçün şərəfdir. Şübhəsiz ki, yarışlara qədər lazımi məkanlar və arenalar hazır olacaq. Avadanlıq və yerləşmə məsələlərində heç bir problem yoxdur.
ISSF-in baş katibi Faisal Abdulaziz Al-Nassar yarışın əhəmiyyətini yüksək qiymətləndirib. O, İslam dəyərlərinin aliliyindən danışıb və “Bakı-2017”nin yaddaşlarda xoş izlər buraxacağını bildirib.
Tədbir zamanı “Bakı-2017” IV İslam Həmrəylik Oyunlarından bəhs edən videoçarx nümayiş olunub.
Sonda jurnalistlərin sualları cavablandırılıb.