SİYASƏT


IV İslam Həmrəyliyi Oyunları İslam ölkələrinin mediasında geniş işıqlandırılıb YENİLƏNİB VİDEO

Bakı, 25 may, Əsəd Məmmədov, AZƏRTAC

Mayın 25-də Beynəlxalq Mətbuat Mərkəzində “IV İslam Həmrəyliyi Oyunlarının İslam ölkələri mediasında işıqlandırılması” mövzusunda “dəyirmi masa” keçirilib.

AZƏRTAC xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilən tədbiri “İrşad” Dini Araşdırmalar Mərkəzinin direktoru Rafiq Əliyev açaraq tədbirin məqsədindən danışıb. Qeyd edib ki, məqsəd on gün ərzində ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarının yerli və beynəlxalq mətbuatda işıqlandırılması barədə fikir mübadiləsi aparmaqdır.

Rafiq Əliyev ölkəmizin son illər beynəlxalq əhəmiyyətli tədbirlərə uğurla ev sahibliyi etdiyini söyləyib. O vurğulayıb ki, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları da öz möhtəşəmliyi ilə seçilib. Bu Oyunlar bütün İslam ölkələrinin kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb. Həmçinin dünyanın digər aparıcı KİV-ləri də bu Oyunlarla bağlı informasıyalar yayıblar. Dünyada münaqişələrin, müharibələrin baş verdiyi bir şəraitdə İslam aləminə mənsub insanların bir yerə toplaşması bütün dünyanın diqqətini Bakıya cəmləşdirmişdi.

Sonra çıxış edən İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Abbasov IV İslam Həmrəyliyi Oyunlarının müvəffəqiyyətlə keçirildiyini qeyd edib. O deyib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın böyük əməyi sayəsində İslamiada ən yüksək səviyyədə təşkil olundu. Bunu bütün İslam ölkələrinin KİV-lərində yayılan informasiyalarda da açıq-aydın görmək olar. F.Abbasov deyib ki, bu gün bəzi İslam ölkələrində gedən münaqişələrin, milyonlarla müsəlmanın qaçqına çevrilməsinin, artmaqda olan islamofobiya meyillərinin fonunda Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi və IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi dövlətimizin başçısının bu məsələyə verdiyi önəmi göstərir.

Azərbaycanın İslam həmrəyliyinə nail olunması istiqamətində üzərinə götürdüyü missiyanı uğurla davam etdirdiyini deyən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov qeyd edib ki, Azərbaycan mədəniyyəti İslam sivilizasiyasının formalaşmasında çox mühüm elementdir. Bəhruz Həsənov deyib: “Ölkəmiz IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə təşkil etməklə bir daha dünyaya nümayiş etdirdi ki, İslam dünyasının gəncləri müharibə meydanlarında, səngərlərdə yox, belə idman arenalarında qarşılaşmalıdırlar. Bu gün İslam ölkələri arasında qarşılıqlı əlaqələrin dərinləşdirilməsinə böyük ehtiyac var. Azərbaycan İslam ölkələri arasında bu əlaqələrin möhkəmləndirilməsində maraqlıdır.

Bildirilib ki, İslam ölkələri arasında əməkdaşlıqda media həmrəyliyi də çox mühüm əhəmiyyət kəsb edir. Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları İslam dünyasının mətbuatında da geniş işıqlandırıldı. “Biz bir daha şahidi olduq ki, İƏT-ə üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının təsis edilməsi çox gözəl ideyadır. Bu Oyunlar assosiasiyanın yaradılmasının zəruriliyini bir daha nümayiş etdirdi. Əminik ki, bu Oyunlar gələcəkdə İslam həmrəyliyinin daha da güclənməsinə öz töhfəsini verəcək”, - deyə B.Həsənov qeyd edib.

Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş dördüncü İslam Həmrəyliyi Oyunlarında bütün idmançılar üçün hər cür şəraitin yaradıldığını deyib. Bildirib ki, yarışlar zamanı təhlükəsizlik ən yüksək səviyyədə təmin edilmişdi. İdmançılar günün istənilən saatında istədikləri yerlərə sərbəst gedə bilirdilər. Bu da Azərbaycanın digər ölkələrdən fərqini göstərən əsas amillərdəndir. Səfir Oyunların yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Əsrarəngiz təbiətə malik Azərbaycanın geniş infrastrukturunun, turizm imkanlarının olduğunu vurğulayan diplomat əminliyini bildirib ki, bu, Azərbaycanı gələcəkdə turizm ölkəsi kimi daha çox tanıdacaq.

Məhəmməd Adil Embarş Azərbaycanda idmanın bütün sahələrinin inkişaf etdiyini, İslam Həmrəyliyi Oyunlarının Azərbaycan idmançılarının gücünü bir daha göstərdiyini vurğulayıb.

Tədbirdə çıxış edən Türkiyənin, İranın, İndoneziyanın, Səudiyyə Ərəbistanının və digər ölkələrin Azərbaycandakı səfirliklərinin əməkdaşları ölkəmizin IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsindən danışıblar. Qeyd edilib ki, İslam ölkələri arasında birliyi təcəssüm etdirən Oyunlar iştirakçı ölkələrin KİV-lərində geniş işıqlandırılıb.

“Dəyirmi masa” çərçivəsində misirli yazıçı Əhməd Abdo Tərabikin “Qarabağ - Qafqazda sülhə aparan yol” kitabının təqdimatı da olub.

Təqdimat zamanı çıxış edənlər bu nəşrin əhəmiyyətindən bəhs ediblər.

Əhməd Abdo Tərabik bildirib ki, Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi müsəlman ölkələri arasında əlaqələrin güclənməsi baxımından çox önəmlidir.

“Təəssüf ki, biz müsəlman dünyasının üzləşdiyi problemlərdə həmrəyliyin şahidi olmuruq. Hətta ermənilər 1915-ci ildə baş vermiş, heç bir hüquqi əsası olmayan hadisələri “soyqırımı” kimi təqdim etməyə çalışırlar. Halbuki Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilər Azərbaycan xalqına qarşı etnik təmizləmə həyata keçiriblər.

İslam həmrəyliyi təşəbbüsü İslam dünyasının üzləşdiyi problemlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından vacibdir. Azərbaycan Prezidentinin bu təşəbbüsü müsəlman dünyasında həmrəyliyin möhkəmlənməsinə xidmət edir”, - deyə yazıçı qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.