İDMAN
Azərbaycan Dillər Universitetində IV İslam Həmrəyliyi Oyunlarına həsr olunan görüş keçirilib
Bakı, 20 fevral, AZƏRTAC
Fevralın 20-də Azərbaycan Dillər Universitetində (ADU) “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının “Grassroots” proqramı çərçivəsində “Yaxın hiss et” (Feel Closer) layihəsi üzrə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, idmançı səfirlərin müxtəlif ali təhsil müəssisələrinin tələbələri ilə görüşünü təşkil etmək və Oyunların “Sülh”, “Hörmət”, “Birlik” və “Mükəmməllik” dəyərlərini təbliğ etmək məqsədi daşıyan layihəyə əsasən ilk görüş ADU-da baş tutub.
ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev çıxışında tədbirin əhəmiyyətini xüsusi vurğulayıb. Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini bildirən Ə.Abdullayev ölkəmizin IV İslam Həmrəyliyi Oyunlarının da uğurla təşkil olunacağına əminliyini diqqətə çatdırıb. O, Azərbaycanın Oyunların təşkilinə ciddi hazırlaşdığını qeyd edərək idmançılarımıza uğurlar arzulayıb.
“Bakı-2017”nin “Grassroots” proqramı və daxili əlaqələr üzrə menecer Ülviyyə Əkbərova IV İslam Həmrəyliyi Oyunları haqqında ətraflı məlumat verib. O, “Bakı-2017”nin İslam dünyasını birləşdirən çoxnövlü maraqlı idman yarışı olduğunu qeyd edib. Ü.Əkbərova “Grassroots” proqramının idmanın kütləviliyini artırmaq, Oyunların əhəmiyyətini təbliğ etmək üçün imkan olduğunu deyib. Bildirib ki, ADU-da baş tutan görüşün məqsədi gəncləri idmana cəlb etmək, eyni zamanda, tələbələri sevimli idmançıları ilə görüşdürmək və Oyunları geniş təbliğ etməkdir.
Tədbirdə iştirak edən idmançı səfirlər - paracüdoçu İlham Zəkiyev, taekvandoçu Fəridə Əzizova, boksçu Kamran Şahsuvarlı və cüdoçu Elmar Qasımov IV İslam Həmrəyliyi Oyunlarının “Sülh”, “Hörmət”, “Birlik” və “Mükəmməllik” dəyərləri haqqında tələbələrə ətraflı məlumat veriblər.
Görüşdə IV İslam Həmrəyliyi Oyunlarına və idmançı səfirlərin nailiyyətlərinə həsr edilən videoçarxlar nümayiş olunub, tələbələrin sualları cavablandırılıb.