REGİONLAR


IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən qazaxıstanlı qonaqlar Naftalanla tanış olublar

Naftalan, 24 may, Rauf Hacıyev, AZƏRTAC

IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən idmançılardan və onların təlimçilərindən ibarət nümayəndə heyətinin üzvləri, həmçinin açılış və bağlanış mərasimlərini izləyən çoxlu sayda xarici turist möhtəşəm idman tədbirindən sonra Naftalan şəhərinə gəlib, buranın turizm xidmətlərindən yararlanıblar.

AZƏRTAC xəbər verir ki, Qazaxıstanın fəxri idman xadimlərinin direktoru, Taekvando Federasiyasının vitse-prezidenti Şadiyar Kondıbaev, Ali İdman Ustaları Məktəbinin direktoru, əməkdar məşqçi Yelışıyev Balqabay və Qazaxıstanın cənub vilayətlərinin sığorta şirkətinin təmsilçisi Yessenbekov Kanat ilk dəfə Naftalan şəhərində olublar.

Qonaqlar bildiriblər ki, son vaxtlar Azərbaycanın digər şəhərləri kimi, Naftalanın da sosial-iqtisadi və mədəni inkişafı haqqında məlumatlıdırlar. Naftalana səfər etməkdə məqsəd şəhərin turizm imkanlarını öyrənmək və gələcəkdə Qazaxıstan idmançılarının burada istirahətini təşkil etməkdir.

Sonra qonaqlar Naftalan şəhərindəki otellərlə və istirahət-sağlamlıq mərkəzlərinin fəaliyyəti ilə tanış olublar.

Bildirilib ki, son bir neçə ildə Naftalan şəhərində turizmin inkişafı baxımından böyük işlər görülüb, yeni infrastruktur qurulub. Ötən il Naftalan şəhəri dünyanın 52 ölkəsindən 25 min turist qəbul edib. Xarici turistlər arasında birinci yeri Rusiyadan, ikinci yeri isə Qazaxıstandan gələn qonaqlar tutub. Hazırda Azərbaycanın beynəlxalq turizm mərkəzinə çevrilən Naftalanda “Çinar”, “Qaşaltı”, “Qarabağ” kimi dünya səviyyəli 5 ulduzlu otellər və bir neçə istirahət-sağlamlıq mərkəzi dünyanın hər yanından gələn qonaqlara yüksək səviyyədə xidmətlər göstərir. Həmin mərkəzlərdə bir sıra xəstəliklərin müalicəsində uğurla tətbiq olunan, unikal tərkibə malik Naftalan nefti əsasında prosedurlar həyata keçirilir.

Naftalandakı istirahət mərkəzlərində yaradılan yüksək şəraitlə tanış olan qonaqlara məlumat verilib ki, Naftalan nefti qeyri-adi təbii müalicəvi əhəmiyyətə malikdir. Bu məhsulun çoxlu sayda dəri-zöhrəvi, oynaq-hərəkət, qan-damar, tənəffüs sistemləri və daxili orqanlardakı xəstəliklərin müalicəsində göstərdiyi şəfavermə gücü yalnız həmin maddənin unikal tərkibi və şəhərin təbii iqlim xüsusiyyətləri ilə bağlıdır.

Qazaxıstanlı qonaqlara Naftalan nefti əsasında hazırlanan, “Made in Azerbaijan” brendi ilə dünya bazarlarına çıxarılan bir sıra məhsullar və təbii kosmetik vasitələr haqqında da məlumat verilib.

Şəhərin inkişafı, burada yaradılan turizm xidmətləri və balneoloji neft vannaları haqqında ətrafı məlumat alan qonaqlar Naftalan şəhərindən zəngin təəssüratla ayrılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.