İDMAN


IV İslam Həmrəyliyi Oyunlarında iştirak etmiş sərhədçi idmançılarla görüş keçirilib

Bakı, 6 iyun, AZƏRTAC

“Sərhədçi” İdman Olimpiya Mərkəzində IV İslam Həmrəyliyi Oyunlarında iştirak etmiş sərhədçi idmançılarla görüş keçirilib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edənlər artıq tarixin yaddaşına qızıl hərflərlə həkk olunan IV İslam Həmrəyliyi Oyunlarının müvəffəqiyyətlə başa çatması və ən çox qızıl medal əldə etməklə Oyunlarda komanda hesabında birinci yerə layiq görülmüş Azərbaycan yığmasının uğurlu çıxışı münasibətilə iştirakçıları təbrik ediblər.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ali diqqəti, qayğısı və dəstəyi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrlik etdiyi Təşkilat Komitəsinin rəhbərliyi ilə ölkəmiz IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə keçirməklə Oyunların Azərbaycan modelini yaratdı. Oyunların davam etdiyi 11 gün, həm açılış, həm də bağlanış mərasimləri Azərbaycan dövlətinin gücünü, iqtisadi qüdrətini, düşünülmüş siyasi strategiyasını və möhtəşəm tədbirləri keçirməyə qadir olduğunu nümayiş etdirdi.

Qalib idmançıların və onların məşqçilərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən mükafatlandırılması böyük minnətdarlıq hissi ilə qeyd edilən tədbirdə IV İslam Həmrəyliyi Oyunlarında qazanılan qələbələrin ölkəmizdə idmana və idmançılara göstərilən yüksək dövlət qayğısının nəticəsində mümkün olduğu vurğulanıb.

Ölkə idmanına daim öz layiqli töhfələrini verən “Sərhədçi” İdman Klubunun üzvləri Azərbaycan yığma komandasının tərkibində IV İslam Həmrəyliyi Oyunlarına qatılıb, 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar. Belə ki, cüdo yarışlarında baş leytenant Nicat Şıxəlizadə, karate üzrə leytenant Fəridə Abıyeva, paracüdo üzrə gizir Ramilə Kaştayeva bütün rəqibləri üzərində qələbə qazanaraq IV İslam Həmrəyliyi Oyunlarının qalibləri olublar. Voleybol üzrə leytenant Emil Abdullayev, cüdo üzrə gizir Rüstəm Orucov gümüş, yunan-Roma güləşi üzrə leytenant Rəsul Çunayev və üzgüçülük üzrə Fatimə Alkərəmova bürünc medal qazanıblar. “Sərhədçi” İdman Olimpiya Mərkəzinin rəis müavini, sərbəst güləş üzrə ölkəmizin yığma komandasının baş məşqçisi polkovnik-leytenant Firdovsi Umudovun yetirmələri 4 qızıl, 2 gümüş və 1 bürünc, “Sərhədçi” İdman Olimpiya Mərkəzinin təlimatçısı, üzgüçülük üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Rəşad Əbdürəhmanovun yetirmələri isə 4 qızıl və 2 bürünc medal qazanıblar. “Sərhədçi” İdman Olimpiya Mərkəzinin üzgüçülük və su polosu üzrə təlimatçıları Rəşad Əliyev və Namiq Qasımov Oyunlara hakim qismində qatılaraq yarışların ədalətli keçməsi üçün bilik və bacarıqlarını əsirgəməyiblər.

Öz qələbə sevinclərini bölüşən qalib idmançılar idmanın inkişafına göstərdiyi ali diqqət və qayğıya, idmançılar üçün yaradılmış ideal şəraitə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirib, bundan sonra da ölkəmizi layiqincə təmsil edəcəklərinə, xalqımıza yeni idman qələbələri bəxş edəcəklərinə söz veriblər.

Görüşün sonunda IV İslam Həmrəyliyi Oyunlarında uğurla iştirak etmiş sərhədçi idmançılar mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.