İDMAN


IV İslam Həmrəyliyi Oyunlarının Atletlər Kəndinə media tur təşkil olunub

Bakı, 10 may AZƏRTAC

Mayın 10-da media nümayəndələri “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Atletlər Kəndində yaradılan şəraitlə tanış olublar.

AZƏRTAC xəbər verir ki, KİV nümayəndələrinə Atletlər kəndi barədə ətraflı məlumat verilib. Bildirilib ki, Atletlər kəndi 383 min kvadratmetr sahəni əhatə edir. Atletlər kəndi Oyunların keçiriləcəyi əsas idman komplekslərinə - Bakı Olimpiya Stadionuna, Milli Gimnastika Arenasına və Heydər Əliyev Beynəlxalq Aeroportuna yaxın olmaqla yanaşı, şəhərin müxtəlif istiqamətlərinə nəqliyyatın gediş-gəlişinin rahat olduğu ərazidə yerləşir.

Atletlər kəndində IV İslam Həmrəyliyi Oyunlarının iştirakçısı olan bütün ölkələrin bayraqları dalğalanır.

Jurnalistlər Oyunlar zamanı istifadə ediləcək tibbi mərkəzdə, həmçinin yeməkxanada, inzibati binada və digər yerlərdə yaradılan şəraitlə tanış olublar.

On üç yaşayış binasından, yardımçı binalardan ibarət Atletlər kəndində iki, üç və dördotaqlı 1042 mənzil var. Burada ümumilikdə 3 minədək atlet və rəsmi şəxsin qalması üçün hərtərəfli şərait yaradılıb. İdmançıların və komanda rəsmilərinin təhlükəsizliyi üçün bütün tədbirlər görülüb. Hər binanın birinci mərtəbəsində ümumi istirahət yerləri mövcuddur. Burada internetə pulsuz çıxış imkanı var. Oyunlar zamanı atletləri və qonaqları idman arenalarına vaxtında çatdırmaq üçün böyük avtobus dayanacağı inşa edilib.

Yeməkxanada idmançılara müxtəlif ölkələrin, əsasən dünya mətbəxi təklif olunur. Burada eyni vaxtda 2 mindən çox atletə yüksək səviyyədə xidmət göstərmək mümkündür.

Atletlər kəndində əsas diqqət yetirilən məsələlərdən biri yarışlar zamanı idmançılara və məşqçilərə, qonaqlara, ümumiyyətlə ehtiyacı olan hər kəsə yüksək tibbi xidmət göstərməkdir. Bu məqsədlə xüsusi poliklinika fəaliyyət göstərir. Poliklinikada müxtəlif təyinatlı otaqlar, o cümlədən qeydiyyat, müalicə, laboratoriya, rentgen, fizioterapiya, əczaxana və digər tibbi xidmət sahələri mövcuddur. Bu səhiyyə mərkəzi hər gün səhər saat 8-dən axşam saat 20-dək fəaliyyət göstərəcək. Eyni zamanda, günün 24 saatı təcili yardım xidmətindən yararlanmaq mümkün olacaq. Dopinq nəzarəti mərkəzi də poliklinika ilə yanaşı yerləşir.

Diqqətə çatdırılıb ki, Atletlər kəndindəki şərait dünyada idman ölkəsi kimi tanınan Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili üçün zəruri infrastrukturun yaradılmasının mühüm göstəricisidir. Görülən hazırlıq işləri bu mötəbər beynəlxalq idman tədbirinin uğurla keçiriləcəyinə əminlik yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.