IV İSLAM HƏMRƏYLİYİ OYUNLARI


IV İslam Həmrəyliyi Oyunlarının “Xəzərdən başlayan su səyahəti” proqramının marşrutu açıqlanıb

Bakı, 14 mart, AZƏRTAC

Martın 14-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları “Xəzərdən başlayan su səyahəti” proqramının marşrutunu elan edib. Aprelin 5-də Dağ Salnamə Muzeyində start veriləcək marşrut Azərbaycanın 15 bölgəsini əhatə edəcək. İslam aləmində həyat mənbəyi, şəffaflıq və təmizlik rəmzi olan su Xəzərdən başlayan səyahət turunun əsas mövzusudur.

AZƏRTAC “Bakı-2017”nin saytına istinadla xəbər verir ki, proqram çərçivəsində Azərbaycanın su bölgələrini təmsil edən 16 uşağın hər biri “Bakı-2017” su səhəngi ilə Xəzər dənizindən su götürəcək və öz doğma şəhərlərinə, evlərinə aparacaq. Bununla da “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Xəzərin gözəlliyindən, sevgisindən və paklığından hər evə pay verəcək.

Otuz yeddi gün ərzində 3 min kilometrdən artıq məsafənin qət olunacağı səyahət turu Xəzər dənizindən başlayaraq, Azərbaycan ərazisində mövcud olan 15 su hövzəsini əhatə edəcək. Səyahət zamanı bu hövzələrdən toplanan su mayın 12-də “Bakı-2017”nin açılış mərasiminin bir hissəsi olacaq. Bu münasibətlə keçiriləcək hər bir su mərasimi axşam su festivalı ilə müşayiət olunacaq. Xəzər dənizinin suyu ilə doldurulmuş “Bakı-2017” səhənglərinin nümayişi zamanı tədbirə təşrif buyuracaq hər bir vətəndaş Azərbaycan musiqisindən, rəqslərindən zövq alıb, su effektlərinin yaratdığı gözəlliyi, eyni zamanda, atəşfəşanlığı izləmək imkanı qazanacaq.

Başlanğıcını Xəzər dənizindən götürərək bütün Azərbaycanı əhatə edəcək marşrutun önəmindən bəhs edən Təşkilat Komitəsi ölkəmizin tarixini, mədəniyyətini, adət və ənənələrini nümayiş etdirmək üçün bu layihənin əvəzsiz rol oynadığını bəyan edir.

Mayın 12-22-də ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına təşrif buyuracaq hər bir qonaq Azərbaycandan ən xoş xatirələrlə ayrılacaq. Xalqımızın qonaqpərvərliyi, öz tarixinə və mədəniyyətinə sevgisi hər kəsə yaxşı bəllidir. Məhz Oyunlardan əvvəl regionlarımızı əhatə edəcək səyahət, bölgələrimizin xüsusiyyətlərini, adətlərini, tarixini, bir sözlə, Azərbaycan gözəlliyini bütün dünyaya nümayiş etdirəcək.

Azərbaycanın dəmirçilik sənətinin incilərindən sayılan, səthi hamar, döyülmüş misdən hazırlanan “Bakı 2017”nin səhəngləri İslam dünyasının ənənəvi su qablarının dizaynını özündə əks etdirir.

“Xəzərdən başlayan səyahət” aprelin 5-də Bakıdan, 7-də Naxçıvandan, 9-da Astaradan, 11-də Şirvandan, 13-də Sabirabaddan, 15-də Ağcabədidən, 17-də Horadizdən (Fizuli), 19-da Gəncədən, 21-də Şəmkirdən, 23-də Mingəçevirdən, 25-də Qaxdan, 27-də Qəbələdən, 29-da Qusardan, mayın 1-də Qubadan, mayın 3-də Qaradağdan, mayın 5-də isə Sumqayıtdan keçəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.