MƏDƏNİYYƏT
IV “Zamanla üz-üzə” beynəlxalq musiqi layihəsi payız mövsümündə
Bakı, 17 noyabr, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Zamanla üz-üzə” beynəlxalq layihəsinin davamının keçirilməsi planlaşdırılır.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihənin bədii rəhbəri – Əməkdar İncəsənət Xadimi, professor Fərəc Qarayevdir. Layihədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor Rauf Abdullayev), Azərbaycan Dövlət Xor Kapellası, dirijorlar Vladimir Runçak (Ukrayna), Roland Fraysitzer (Avstriya) və solist Yuliya Purgina (Avstriya) iştirak edəcəklər. Layihəni səciyyələndirən önəmli məqam bir çox müasir musiqi əsərlərinin Bakıda ilk dəfə ifa olunmasıdır.
Noyabrın 30-da, dekabrın 2-7 və 9-da Azərbaycan Dövlət Filarmoniyasında və Beynəlxalq Muğam Mərkəzində “Zamanla üz-üzə” Beynəlxalq layihəsi çərçivəsində konsertlər silsiləsinin keçirilməsi nəzərdə tutulub. Budəfəki layihə Bakı səhnəsində heç bir zaman qoyulmamış müasir musiqi əsərlərinin səhnələşdirilməsini özündə ehtiva edir.
Qeyd edək ki, ilk dəfə 2007-2008-ci illər mövsümündə reallaşdırılmış layihənin 12 konsertində barokko və klassisizm musiqisindən müasir bəstəkarların əsərlərinə qədər geniş spektr əhatə edilib. Bir çox əsərlər Bakıda ilk dəfə səslənib, hər bir proqram böyük hadisəyə çevrilib.