ELM VƏ TEXNOLOGİYA


“IX-X əsrlər azərbaycanlı hədisşünas alim Əhməd Harun oğlu əl-Bərdici (Bərdəli)” kitabı çapdan çıxıb

A+ A

Bakı, 18 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru İlkin Əlimuradovun “IX-X əsrlər azərbaycanlı hədisşünas alim Əhməd Harun oğlu əl-Bərdici (Bərdəli)” kitabı çapdan çıxıb.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, giriş, üç fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olan nəşrin “Ön sözü”nün müəllifi bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyevadır.

“İlahi vəhylər – Qurani-Kərim və hədis” adlı birinci fəsildə İslam dininin təşəkkül tapmasından, Qurani-Kərimdən, hədis və sünnədən bəhs edilib. Əl-Bərdicinin həyat və yaradıcılığına həsr olunan ikinci fəsildə onun müəllimləri, tələbələri, elmi fəaliyyəti haqqında geniş məlumat verilib. Üçüncü fəsildə isə alimin “Səhabələrin Peyğəmbərdən “əl-kəbair” (böyük günahlar) mövzusuna dair rəvayətlərini ehtiva edən cüz kitabı” və “Səhabə, tabiun və hədisçilərin nadir adlarından bəhs edən təbəqat kitabı” əsərləri təhlil edilib.

Əl-Bərdicinin dövrümüzədək gəlib çatmış əsərlərinin əlyazma nüsxələri, onların hazırkı vəziyyəti haqqında dəqiq məlumatın verilməsi və ilk dəfə Azərbaycan oxucusuna alimin əsərlərinin çoxəsrlik əlyazma nüsxələrinin surətlərinin təqdim edilməsi monoqrafiyanın əhəmiyyətini artıran amillərdəndir. Ölkəmizdə azərbaycanlı alim Əhməd Harun oğlu əl-Bərdicinin elmi fəaliyyəti ilk dəfə İ.Əlimuradov tərəfindən müfəssəl araşdırılıb və xarici tədqiqatçıların əl-Bərdici ilə bağlı tənqidi fikirlərinə elmi münasibət bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.