DÜNYA
İYİRMİ DÖVLƏT BMT BAŞ MƏCLİSİNDƏ SƏSVERMƏ HÜQUQUNDAN MƏHRUM EDİLMİŞDİR
İTAR-TASS-ın məlumatına görə, Birləşmiş Millətlər Təşkilatının üzvü olan iyirmi dövlət bu Təşkilatın müntəzəm büdcəsinə üzvlük haqqını ödəmədiyi üçün cari ildə Baş Məclisdə səsvermə hüququndan məhrum edilmişdir. Nizamnaməyə görə, ötən iki il üçün borcu olan dövlət Baş Məclisdə səs vermək imkanından məhrum edilir. Bununla belə, əgər həmin dövlət müntəzəm büdcəyə borcunun minimum hissəsini ödəyərsə, səsvermə hüququnu saxlayır. Belə ödənişin məbləği BMT-nin iqtisadçıları tərəfindən hər bir dövlət üçün ayrıca hesablanır.
Üzvlük haqqını ödəməkdən daim yayınan dövlətlərin əksəriyyəti Afrika ölkələri – Kabo-Verde, Mərkəzi Afrika Respublikası, Çad, Konqo Demokratik Respublikası, Qvineya-Bisau, Liberiya, Liviya, Mavritaniya, Niger, San-Tome və Prinsipi, Seyşel Adaları və Somalidir. Digər regionlardan olan dövlətlərin sayı nisbətən azdır. Məsələn, İraq, Dominikan Respublikası, Haiti və Sakit okeandakı kiçik ada dövləti olan Vanuatu da səsvermə hüququndan məhrum edilmişlər. Bu siyahıda MDB üzvü olan üç dövlət – Qırğızıstan, Özbəkistan və Tacikistan da var.
Bununla yanaşı, Birləşmiş Millətlər Təşkilatına borcu olan dörd dövlət –Gürcüstan, Moldova, Burundi və Komor Adaları səsvermə hüququnu saxlamışlar. Çünki Baş Məclis bu dövlətlərin “özlərindən asılı olmayan səbəblərə görə” ödəniş haqqının hətta cüzi hissəsini belə verə bilməməsi faktı ilə razılaşmışdır.