REGİONLAR
İYUNUN 23-DƏ BAKININ RAYONLARINDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ-YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 23-də Bakı şəhərinin Nəsimi, Xətai, Nərimanov, Yasamal, Səbail, Binəqədi, Suraxanı rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə - “Təzə bazar” MMC-nin həyətində, metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Bakı” kinoteatrının yanındakı “Azər” ticarət mərkəzində, Keşlə ticarət mərkəzində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığında, Badamdar qəsəbəsində, Biləcəri qəsəbəsində, “Bolluq” bazarının yanında, Qaraçuxur qəsəbəsindəki “Günəş” ticarət mərkəzində, Əmircan qəsəbəsindəki “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində kənd təsərrüfatı məhsullarının növbəti satış-yarmarkaları keçirilmişdir.
Sabirabad, Salyan, Samux, Balakən, Kürdəmir, Quba, Cəlilabad, Gədəbəy, Tovuz, Şəmkir, Şəki, Ağcabədi, Qəbələ, Qazax, Xaçmaz, Astara, Qobustan, Hacıqabul və digər rayonların fermerləri mal və qoyun ətini, kartof, meyvə-tərəvəz, ağartı, konserv məhsulları, bal və yumurtanı paytaxt sakinlərinə bazardakından xeyli uçuz qiymətə satmışlar. Məsələn, onlar xiyarın kiloqramını 20-30, kartof 30-40 qəpiyə, mal əti 3 manat 60 qəpiyə təklif etmişlər. Yeri gəlmişkən, son vaxtlar satışa çıxarılan məhsulların çox hissəsini kartof, xiyar, lobya, badımcan, alça, gilas və çiyələk təşkil edir.
Həm fermerlər, həm də alıcılar yaradılmış şəraitdən razı qaldıqlarını bildirmişlər. Gədəbəyin Kiçik Qaramurad kəndindən Arzu Tanrıquliyev deyir ki, 9 aydır bal, pendir, kələm, kartof gətirib Nəsimi rayonunun sakinlərinə satıram. Balın kiloqramını 8 manata, pendiri 1 manata, kələmi 10 qəpiyə təklif edirəm. Yaradılmış şəraitə görə təşkilatçılara minnətdaram.
“Təzə bazar” MMC-nin həyətində evdar qadın Aytəkin Qurbanova, inşaatçı Baxşəli Şıxəliyev, sürücü Ağa Şumalov və başqa alıcılar satışa təmiz və keyfiyyətli məhsul çıxarmış fermerlərə minnətdarlıq edirdilər.
“İnşaatçılar” metro stansiyasının yaxınlığındakı yarmarkada şənbə günü satışa ilk dəfə olaraq Bərdə pendiri, Beyləqan soğanı çıxarılmışdı. Beyləqanlı Asəf Əliyevin sözlərinə görə, şəxsi yük maşınında 3,5 ton soğan gətirib və kiloqramını 25-30 qəpiyə təklif edir. Bərdə yağ-pendir zavodunun müxtəlif çəkidə qablaşdırılmış ağartı məhsulları paytaxt sakinləri tərəfindən rəğbətlə qarşılanmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin, paytaxt rayonları icra hakimiyyətlərinin nümayəndələri tərəfindən yarmarkalarda satışın təşkilinə, məhsulların keyfiyyətinə və qiymətinə ciddi nəzarət olunmuşdur.
Yarmarkalar bazar günü davam edəcəkdir.