ELM VƏ TƏHSİL
I-IV qruplar üzrə ərizə qəbulunun müddəti uzadılıb
Bakı, 28 aprel, AZƏRTAC
2016/2017-ci tədris ili üçün I-IV qruplar üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulunun müddəti aprelin 29-u saat 13.00-dək uzadılıb.
Tələbə Qəbulu üzrə Dövlət komissiyasından AZƏRTAC-a bildiriblər ki, hazırda elektron ərizə dolduranların sayı 84.290, ərizələrini təsdiqləyənlərin sayı isə 81.308 nəfərdir. 2.982 abituriyent elektron ərizəsinə özü haqqında məlumatları daxil etsə də, həmin ərizələr təsdiqlənməyib. Onlardan 400-ü ümumtəhsil müəssisələrinin cari il məzunlarıdır və ərizələrini özləri təsdiqləməlidirlər. Digər abituriyentlər tələb olunan sənədləri təqdim etməklə elektron ərizələrini müvafiq SQK-larda təsdiqlətdirirlər. SQK-lar aprelin 29-u saat 13:00-dək fəaliyyət göstərəcək.
Elektron ərizə təqdim etmiş abituriyentlərə öz elektron ərizələrinə daxil olub baxmaq və təsdiq olunub-olunmadığını müəyyənləşdirmək tövsiyə olunur.
Məlumat üçün bildiririk ki, elektron ərizəsi təsdiqlənməyən abituriyentlərin ərizəsində “Elektron ərizə sənəd qəbulunun sonunadək təsdiq olunmalıdır” məlumatı göstərilir. Ərizələri təsdiq olunmayan, həmçinin ərizə təqdim etməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaqlar.