CƏMİYYƏT


I və IV ixtisas qruplarının abituriyentləri üçün qəbul imtahanı keçirilib

A+ A

Bakı, 15 iyul, AZƏRTAC

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 15-də 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.

TQDK-dan AZƏRTAC-a bildiriblər ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində, ümumilikdə 47 binada aparılıb.

İmtahan prosesinin idarə edilməsi üçün TQDK-da operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bəzi abituriyentlər sənədlərini gətirmədikləri üçün imtahana buraxılmayıblar. Növbəti imtahanda iştirak edəcək abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni, şəxsiyyəti təsdiqləyən sənədin əslini, 16 yaşı 2016-cı il iyunun 1-dək tamam olmayan şagirdlər, digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) özləri ilə gətirməlidirlər.

Həmçinin imtahana köməkçi vasitələr, o cümlədən mobil telefon gətirən, imtahanın gedişi zamanı köçürməyə cəhd edən, imtahan qaydalarına zidd hərəkətlərə yol verən abituriyentlər imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Bu gün “Space” telekanalında canlı yayımlanacaq “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunan sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavabları isə TQDK-nın internet saytında və “Facebook” səhifəsində yerləşdiriləcək.

İyulun 16-dan etibarən Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.