SİYASƏT
İbrahim H.Almajbri: Bakı heyrətamiz memarlıq nümunələri olan müasir şəhərdir
Bakı, 19 noyabr, AZƏRTAC
Bakı çox müasir şəhərdir. Burada geniş abadlıq işləri aparılıb, heyrətamiz memarlıq nümunələri var.
Bu sözləri Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçısı, Liviyanın LANA xəbər agentliyinin baş direktoru İbrahim H.Almajbri AZƏRTAC-a müsahibəsində söyləyib.
Azərbaycan paytaxtı haqqında təəssüratlarını bölüşən baş direktor deyib: “Təxminən səkkiz il əvvəl Bakıda olmuş bir çox həmkarımla söhbət etmişdim. Onlar burada keçirilən müxtəlif beynəlxalq tədbirlərin iştirakçıları olublar. Bəziləri ilə burada yenidən görüşdüm, şəhərdə böyük irəliləyiş və inkişafın şahidi olduqlarını söylədilər. Bu inkişaf həm insanların mənəvi-mədəni və intellektual səviyyəsində, həm də tikinti-quruculuq işlərində və infrastrukturun təkmilləşdirilməsində özünü daha çox büruzə verir. Bütün bunlar göstərir ki, ölkə vətəndaşları dövlətin uzaqgörən rəhbəri ilə birgə öz vətənlərini dünyanın mütərəqqi məkanları sırasına çıxara biliblər”.
İbrahim H.Almajbri Dünya Xəbər Agentliklərinin V Konqresinin işini uğurlu hesab etdiyini söyləyib. Bildirib ki, yüksək səviyyədə təşkil olunmuş Konqresdə dünyanın aparıcı xəbər agentliklərinin nümayəndələri bir-biri ilə görüşmək və öz təcrübələrini bölüşmək imkanı qazanıblar. “Biz burada həm də bənzərsiz qonaqpərvərlik gördük”, - deyə baş direktor vurğulayıb.