İQTİSADİYYAT


İbrahim Palaz: “Star” neft emalı zavodu layihəsinin ümumi inkişafının 78,3 faizi icra edilib

A+ A

Bakı, 28 noyabr, Nihad Budaqov, AZƏRTAC

SOCAR-ın Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim PetroKimya Holding A.Ş.”nin ərazisində inşasını davam etdirdiyi “Star” neft emalı zavodu layihəsinin ümumi inkişafının 78,3 faizi yerinə yetirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Star” neft emalı zavodunun baş direktoru İbrahim Palaz deyib.

“SOCAR-ın Türkiyədəki ümumilikdə 18,1 milyard dollarlıq investisiya layihələrinin tərkib hissəsi olan “Star” neft emalı zavoduna indiyədək 3,9 milyard dollar vəsait yatırılıb. Layihə üzrə tikinti işlərinin əsas hissəsi görülüb. Bu vaxtadək mühəndislik işlərinin 99,5 faizi, satınalma işlərinin 95,5 faizi, tikinti işlərinin 57,5 faizi tamamlanıb. Layihənin ümumi inkişafının isə 78,3 faizi icra edilib”, - deyə İ.Palaz əlavə edib.

Qeyd edək ki, “Star” neft emalı zavodu Türkiyədə özəl sektorda həyata keçirilən ilk neft emalı layihəsi olmaqla yanaşı, son 30 ildə reallaşdırılan ən böyük özəl sektor layihəsidir. Zavodun qurulmasında əsas məqsəd “Petkim” neft-kimya kompleksinin xam maddəsi olan naftanın və Türkiyənin idxaldan asılı olduğu digər məhsulların istehsal edilməsidir. “Star”ın məhsullarının Aralıq dənizi və Cənubi Avropa ölkələri bazarlarına ixracı nəzərdə tutulur. Zavodun xammalı orta-ağır və açıq-boz xam neft, əsas məhsulları isə dizel və nafta olacaq. “Star”ın istehsal gücü ildə 10 milyon ton (240 min barrel/gün) xam neft təşkil edəcək. Hazırda zavodun tikintisi işləri qrafik üzrə davam etdirilir.

“Star” layihəsinin dəyəri ümumilikdə təxminən 5,7 milyard ABŞ dollarıdır. Bu məbləğin 3,3 milyard dollarlıq hissəsi İspaniyanın “CESCE”, Yaponiyanın “JBIC” və “NEXI”, Koreya Respublikasının “K-Sure”, İtaliyanın “SACE” və ABŞ-ın “US Exim” kimi iri kredit təşkilatlarından borc kapitalı, qalan hissəsi isə səhm kapitalından təşkil olunub. Layihə özünü maliyyələşdirir və borclar zavod işə düşdükdən sonra “Star” tərəfindən geri ödəniləcək.

Xatırladaq ki, “Star” zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir.

STEAŞ-ın səhmdarları isə belədir: SOCAR - 87 faiz, “Goldman Sachs” - 13 faiz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.