ELM VƏ TƏHSİL
İbtidai sinif müəllimləri üçün TOPs təlimləri təşkil olunub
Bakı, 21 oktyabr, AZƏRTAC
Təhsil Nazirliyi, “British Council” təşkilatı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə tərəfdaşlığı ilə “TOPs - təhsilalanların fiziki hazırlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi” layihəsi çərçivəsində ümumtəhsil məktəblərində təlimlərə başlanılıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, layihənin əsas məqsədi fiziki tərbiyə dərslərini tədris edən müəllimlərin peşə bacarıqlarının artırılması, fiziki tərbiyə sahəsində innovativ tədris üsulunun yaradılmasıdır.
Layihə çərçivəsində ilk təlimlər Bakı şəhəri 95 və 238 nömrəli tam orta məktəblərdə keçirilib. Bakı və Sumqayıt şəhərlərinin 72 ümumi təhsil müəssisəsindən 150 nəfər ibtidai sinif müəllimi ayrı-ayrı qruplarda mərhələlərlə TOPs metodologiyası üzrə üç günlük praktik təlimlərə cəlb olunub.
Təlimlər zamanı ibtidai siniflərdə fiziki tərbiyə fənninin məzmunu ilə bağlı müzakirələr aparılıb, müasir təlim üsulları vasitəsilə dərslərin tədrisinin yüksəldilməsi üçün praktik məşğələlər keçirilib. Eləcə də ibtidai siniflərdə fiziki tərbiyə dərslərinin səmərəli tədrisi üçün TOP oyun–metodik tədris kartlarından istifadə qaydaları müəllimlərə izah edilib.
“İnkişaf Naminə İdman” İctimai Birliyinin TOPs üzrə ixtisaslaşmış mütəxəssisləri tərəfindən müəllimlərin təlimöncəsi və təlimsonrası qiymətləndirilməsinin nəticələri müqayisə edilib.