İQTİSADİYYAT


İcbari sığorta müqavilələrinin bağlanmasına nəzarət gücləndirilir

Bakı, 2 iyun, AZƏRTAC

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), Daxili İşlər Nazirliyi (DİN) və İcbari Sığorta Bürosu (İSB) arasında fiziki və hüquqi şəxslərin istifadəsində olan nəqliyyat vasitələri və icbari sığorta müqavilələri üzrə məlumatların mübadiləsinə dair razılaşma imzalanıb.

MBNP-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, "İcbari sığortalar haqqında" Qanunun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2011-ci il tarixli Fərmanının icra edilməsi məqsədilə imzalanan razılaşma DİN və İSB-nin informasiya sistemləri arasında istifadədə olan avtonəqliyyat vasitələrinin icbari sığorta müqavilələrinin yoxlanılması üzrə məlumat mübadiləsinin reqlamentini müəyyən edir.

Sənədə əsasən, məlumat mübadiləsi mərkəzləşdirilmiş qaydada DİN-in mərkəzi informasiya sistemi ilə İSB-nin "İcbari Sığorta Məlumat Sistemi" (İSMS) arasında elektron formatda aparılacaq. İcbari sığorta müqaviləsi mövcud olmayan avtonəqliyyat vasitələri radarlar vasitəsilə aşkar ediləcək və avtonəqliyyat vasitəsi sahibləri mövcud qanunvericiliyə əsasən cərimələnəcək.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən icbari sığorta müqaviləsi olmadan avtonəqliyyat vasitəsinin istifadə edilməsinə görə fiziki şəxslər 50 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir.

Hazırda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə əmlaka dəymiş zərərə görə sığorta məbləği 5000 manat, bir şəxsin həyat və sağlamlığına dəymiş zərər üzrə isə 5000 manat təşkil edir. Razılaşmanın nəticəsi olaraq ölkədə icbari sığortası olan avtonəqliyyat vasitələrinin sayının artırılmasına nail olunacaq.

Qeyd edək ki, cari dövrdə bu icbari sığorta növünün penitrasiyası 75 faizə çatır və inteqrasiya tamamlandıqdan sonra artması gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.