REGİONLAR
İcbari sığortalar sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub
Naxçıvan, 24 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi ilə birgə daşınmaz əmlakın və daşınmaz əmlakın istismarı zamanı mülki məsuliyyətin icbari sığortası sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov çıxış edərək “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, ölkəmizdə daşınmaz əmlakın və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasının həyata keçirilməsinə nəzarətin Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinə həvalə olunduğunu bildirib. Bu məqsədlə Dövlət Baş Sığorta Agentliyi Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi ilə birgə Naxçıvan Muxtar Respublikasında həmin kateqoriyadan olan icbari sığorta müqavilələrinin bağlanılması üzrə verilmiş tapşırıqların yerinə yetirilməsi istiqamətində nəzarət tədbirlərinin artırılması, maarifləndirici tədbirlərin keçirilməsi istiqamətində səy göstərməlidir.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında 2016-cı ildə icbari sığortalar üzrə görülmüş tədbirlər nəticəsində sahibkarlara məxsus daşınmaz əmlakın icbari sığortası üzrə 910 müqavilə, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 533 müqavilə bağlanılıb. Ümumilikdə, hər iki sığorta növü üzrə sahibkarlarla 1443 müqavilə bağlanılıb. Cari ildə də bu istiqamətdə görülən işlərin nəticəsi olaraq sığorta müqavilələrinin bağlanılması davam etdirilir. Belə ki, cari ilin ilk üç ayında sahibkarlara məxsus daşınmaz əmlakın icbari sığortası üzrə 84, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə isə 101 müqavilə olmaqla, cəmi 185 müqavilə bağlanılıb.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası fövqəladə hallar nazirinin müavini, daxili xidmət polkovnik-leytenantı Nurlan Həsənov qanuna uyğun olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən hər iki icbari sığortalar üzrə müqavilələrin bağlanılmasına nəzarətin gücləndirilməsinin zəruriliyini qeyd edib, bu sahədə nazirliyin üzərinə düşən vəzifələrdən danışıb.
Sonra şəhər, rayon Dövlət Sığorta agentliklərinin direktorları və rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin rəisləri çıxış ediblər.