REGİONLAR
İcbari tibbi sığortanın tətbiq olunduğu səhiyyə müəssisələrində Tibb işçilərinin peşə bayramı qeyd edilib
Mingəçevir, 16 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC
İcbari tibbi sığortanın tətbiq olunduğu pilot tibb müəssisələrində - Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında və Yevlax Rayon Mərkəzi Xəstəxanasında 17 İyun - Tibb işçilərinin peşə bayramı qeyd edilib.
AZƏRTAC xəbər verir ki, tədbirlərdə çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta şöbəsinin müdiri Vüqar Qurbanov icbari tibbi sığortanın tətbiqi sahəsində görülən işlər haqqında məlumat verib, pilot tibb müəssisələrində çalışan həkimlərin, orta və kiçik tibbi heyətin əməkhaqlarının artırıldığını bildirib.
Şöbə müdiri agentliyin direktoru Zaur Əliyevin adından pilot ərazilərdə icbari tibbi sığortanın təşkilində, qarşıya qoyulmuş vəzifələrin icrasında peşəkarlıq və yüksək səriştə nümayiş etdirdiklərinə görə, Yevlax RMX-nin publik hüquqi şəxsin direktoru Azər İsmayılovu və Mingəçevir ŞMX-nin publik hüquqi şəxsin direktoru Könül Ələkbərovu təşəkkürnamə ilə təltif edib.
Yevlax RMX-nin direktoru Azər İsmayılov səhiyyə sahəsinə dövlət tərəfindən göstərilən qayğıdan danışıb, aparılan islahatların nəticəsi olaraq icbari tibbi sığortanın tətbiq edildiyini vurğulayıb. Direktor tibb işçilərini peşə bayramı münasibətilə təbrik edərək, 8 tibb işçisini əhaliyə göstərdikləri tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində fəaliyyətlərinə görə təşəkkürnamə ilə mükafatlandırıb.
Yevlax Rayon İcra Hakimiyyətinin nümayəndəsi Vaqif Əliyev Yevlax RMX-nin direktoru A.İsmayılovu və 3 həkimi fəxri diplomla, Yevlax Rayon Həmkarlar İttifaqı isə 10 tibb işçisini təşəkkürnamə ilə təltif edib. Təltif olunanlara pul mükafatı verilib.
Mingəçevir ŞMX-nin direktoru Könül Ələkbərov icbari tibbi sığorta sisteminin tətbiq nəticəsində tibbi təchizatın yaxşılaşdığını və beləliklə də əhaliyə göstərilən tibbi xidmətlərin effektivliyinin və keyfiyyətinin artırıldığını vurğulayıb. Direktor həmkarlarını bayram münasibətilə təbrik edib və 6 tibb işçisini əhaliyə göstərdikləri tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində fəaliyyətlərinə görə təşəkkürnamə ilə təltif edib.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Sahib Əliyev Mingəçevir ŞMX-nin 2 həkimini fəxri diplomla, Mingəçevir Şəhər Həmkarlar İttifaqı isə 10 tibb işçisini təşəkkürnamə ilə təltif edib. Təltif olunanlara pul mükafatı verilib.