MƏDƏNİYYƏT
“İçəri şəhər” filmi Hindistanın növbəti film festivalında
Bakı, 17 yanvar, AZƏRTAC
İlqar Safatın “İçəri şəhər” bədii filmi Hindistanın 7-ci “Yashwant” Beynəlxalq Film Festivalına dəvət alıb.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından AZƏRTAC-a bildirilib ki, festival yanvarın 20-dən 26-dək Mumbay şəhərində keçiriləcək.
Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırıblar.
Qeyd edək ki, “İçəri şəhər” filmi hazırda Hindistanda 15-ci “Pune” Beynəlxalq Film Festivalı çərçivəsində nümayiş olunur. Film, həmçinin Misirin 38-ci Qahirə, 47-ci Hindistan, Estoniyanın 20-ci Tallinn “Qaranlıq gecələr” və Hindistanın 21-ci Kerala beynəlxalq film festivallarında nümayiş olunub. Təhminə Rafaella filmdəki ifasına görə Türkiyənin 5-ci “Van gölü” Beynəlxalq Film Festivalının “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb.