MƏDƏNİYYƏT
“İçəri şəhər” filmi növbəti beynəlxalq festivala dəvət alıb
Bakı, 27 may, AZƏRTAC
İlqar Safatın “İçəri şəhər” bədii filmi Madrid Beynəlxalq Film Festivalına dəvət alıb.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından AZƏRTAC-a bildirilib ki, film “Xarici dildə film” kateqoriyasında “Ən yaxşı ssenari, “Ən yaxşı operator işi”, “Ən yaxşı ikinci plan qadın rolu” (Mehriban Zəki) mükafatlarına nominant elan olunub. Festival iyulun 8-dən 15-dək keçiriləcək.
“İçəri şəhər” filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2016-cı ildə lentə alınıb. Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.
Ekran əsərində baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırıblar.
Qeyd edək ki, film bir sıra beynəlxalq festivallarda iştirak edib və mükafatlara layiq görülüb.