MƏDƏNİYYƏT


İçərişəhərdə “Bahar qalası” adlı Novruz şənliyi keçirilib VİDEO

Bakı, 19 mart, Zərəngiz Mansurova, AZƏRTAC

Martın 19-da İçərişəhərdə, Qoşa Qala qapısı yaxınlığında “Bahar qalası” adlı Novruz şənliyi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ənənəsinə sadiq qalaraq, bu il də Novruz bayramı şənliklərinin İçərişəhərdə təntənəli keçirilməsini təşkil edib. U şənlikdə təkcə paytaxt sakinləri deyil, Novruz bayramını qeyd edən ölkələrin nümayəndələri də iştirak ediblər.

İran, Türkiyə, Rusiya, Qazaxıstan, Hindistan, Əfqanıstan, Özbəkistan, Gürcüstan və Tacikistandan gəlmiş nümayəndələrin birgə iştirakı ilə Qoşa Qala qapısı meydanında “Meydan bazarı” təşkil olunub. Yerli və xarici ölkə nümayəndələrinin iştirak etdikləri “Meydan bazarı”nda hər bir ölkənin mədəniyyətini əks etdirən milli-tətbiqi sənət məhsulları və suvenirlərin, o cümlədən rəsm əsərləri, milli zərgərlik və oyma sənəti nümunələrinin sərgi-satışı təşkil olunub. Qonaqlar, həmçinin müxtəlif ölkələrin milli mətbəxinin ləziz nümunələri ilə tanış ola, eləcə də Azərbaycan milli mətbəxinin bənzərsiz təamlarını dada biliblər.

Şənlikdə qoca, cavan, uşaqlar və şəhərimizin qonaqları bir-birindən maraqlı çoxsaylı Novruz bayramı ayinlərində iştirak ediblər. Səhər saatlarından başlayaraq pəhləvanlar, kəndirbazlar və sehrbazlar öz məharətlərini göstəriblər. Bədii və tarixi personajların, Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə şənliyə qatılan insanların bayram əhval-ruhiyyəsini daha da artırıb. Rəngarəng konsert proqramında ayrı-ayrı ölkələrin mahir ifaçıları çıxış ediblər. Əlvan geyimli hind rəqqasları, dadlı Qazaxıstan təamları, nəfis Azərbaycan, rus, gürcü milli xörəkləri sakinlərə və qonaqlara unudulmaz anlar bəxş edib.

Meydanda, həmçinin muğam və klassik musiqi əsərləri, müasir estrada və caz musiqisi səsləndirilib, Dövlət Nəfəs Alətləri, habelə estrada və vokal orkestrləri, xalq rəqsləri qrupları maraqlı ifalarla çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.