MƏDƏNİYYƏT
İçərişəhərdə I Beynəlxalq Novruz festivalının təntənəli açılış mərasimi olmuşdur VİDEO
Bakı, 20 mart (AZƏRTAC). Martın 20-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü ilə baharın gəlişini müjdələyən, xalqımızın qədim tarixə malik milli bayramı olan Novruz münasibətilə təşkil edilmiş I Beynəlxalq Novruz festivalının təntənəli açılış mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat katibi Rahib Azəri festivalın böyük əhəmiyyət daşıdığını vurğulamışdır. Bildirilmişdir ki, keçən illərdən fərqli olaraq bu il Novruz şənliklərində Azərbaycan ilə yanaşı, bu bayramı qeyd edən səkkiz ölkənin nümayəndələri də qatılmışlar.
Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun, İranın Azərbaycandakı səfiri Möhsün Pakayin, Rusiyanın Azərbaycandakı səfirliyinin müşaviri Valentin Denisov və Tacikistanın Azərbaycandakı səfiri Zohir Saidov Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırmış, sülh və firavanlıq arzulamışlar.
Belə festivalların xalqlar arasında mövcud dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayan diplomatlar tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildirmişlər.
Sonra tədbir musiqili, əyləncəli-bədii bayram proqramı ilə davam etmişdir.
Qoşa qala qapısı meydanında “Meydan bazarı” təşkil olunmuşdur. Yerli və xarici ölkə nümayəndələrinin iştirak etdikləri “Meydan bazarında” hər bir ölkənin mədəniyyətini əks etdirən video-filmlər, milli tətbiqi sənət məhsulları və suvenirlər sərgilənmişdir.
Novruz bayramı şənlikləri, həmçinin bir-birindən maraqlı çoxsaylı tədbirlərlə qeyd edilirdi. Belə ki, pəhləvanlar, kəndirbaz və sehirbazlar məharətlərini göstərir, uşaq teatrının artistləri, bədii və tarixi personajlar, bayramın əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə şənliyə qatılan insanların əhval-ruhiyyəsini daha da artırırdı.
Rəngarəng konsert proqramında mahir ifaçıların çıxışında muğam və klassik musiqi əsərləri, müxtəlif xalqların milli musiqiləri, müasir estrada və caz musiqisi səsləndirilirdi. Bununla yanaşı, festival çərçivəsində Qız qalası meydanında pantomima ustaları, Əliağa Vahid meydanında isə “Muğam üçlüyü” çıxış edirdi.
Martın 23-dək davam edəcək bayram festivalı “Nar Mobile”, “Paşabank” və “A+A Events” şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilir.
Bayram tədbirləri çərçivəsində İçərişəhərlə yanaşı, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda da “Nağıl şəhərciyi” adlı Novruz şənliyi keçirilmişdir. Orada da rəngarəng konsert proqramı təşkil edilmiş, uşaqlar poni və uzunqulaqla gəzərək, nağıl obrazları ilə canlı ünsiyyətdə olmuşlar. Eyni zamanda, qonaqlar milli sənət ustalarının iştirakı ilə Novruzun ənənəvi rəmzləri olan şirniyyatların hazırlanması, xınayaxdı mərasimi, xalça toxumaq kimi tədbirlərdə iştirak edə bilmişlər.
Qoruqda keçirilən Novruz tədbirləri ilə əlaqədar martın 21-dək İçərişəhərdən - Qoşa qala qapıları qarşısından yola düşən nəqliyyat vasitələri festivalda iştirak etmək istəyən qonaqlara pulsuz xidmət göstərəcəkdir.
Novruz gülərində qədim İçərişəhərdə təşkil edilmiş I Beynəlxalq Novruz festivalı hər bir iştirakçıda böyük əhval-ruhiyyə oyatmışdır.