MƏDƏNİYYƏT
İçərişəhərdə “Leyli və Məcnun” marionet tamaşasının dekorasiya, marionet kuklaları və rekvizitlərinin sərgisi açılıb
Bakı, 29 may, Türkan Abdullayeva, AZƏRTAC
Mayın 29-da İçərişəhərdə yeni istifadəyə verilmiş Böyük Qala 42 ünvanında yerləşən muzey və sərgi zalında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Marionet Teatrının quruluşunda “Leyli və Məcnun” marionet tamaşasının dekorasiya, marionet kuklaları və rekvizitlərinin sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən qoruq idarəsinin mətbuat xidmətinin rəhbəri Rahib Azəri dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası və onun tamaşasının tarixçəsi haqqında söz açıb. Bildirib ki, müxtəlif teatrlar bu operaya maraq göstərərək səhnələşdiriblər. “Leyli və Məcnun” operasının qəhrəmanları bu dəfə marionet kuklaları və xüsusi hazırlanmış dekorasiyaların təsvirində təqdim ediləcək.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev qeyd edib ki, bu, Marionet Teatrının sayca ikinci tamaşasıdır. 2011-ci ildən idarənin nəzdində fəaliyyət göstərən teatrın ifasında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası artıq dəfələrlə tamaşaya qoyulub. Hazırda idarə tərəfindən Marionet Teatrının üçmərtəbəli binasında davam etdirilən bərpa işləri ilin sonunadək başa çatdırılacaq. Qoruq idarəsinin əsas məqsədi milli dəyərlərə bağlılığı qoruyub saxlamaq, mədəni irsimizi yaşadıb gələcək nəsillərə ötürməkdir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində mədəniyyət sahəsində böyük işlər görülür və idarə də öz işini dövlətimizin başçısının bu sahədə qəbul etdiyi rəsmi sənədlərə əsasən reallaşdırır.
S.Nuriyev tarixi və mədəni irsimizin, milli mənəvi dəyərlərimizin qoruyucusu olan, onu beynəlxalq aləmdə tanıdan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi dəstəyi ilə teatrın fəaliyyətinin genişləndirilməsi istiqamətində kompleks işlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Marionet Teatrının bədii rəhbəri Tərlan Qorçu uzun illərdir ki, “Leyli və Məcnun” operasını səhnələşdirmək arzusunda olduğunu söyləyib. Bildirib ki, tamaşanın bədii-təsviri estetikası Azərbaycan intibahı dövrünə təsadüf edən Qacar incəsənəti nümunələrindən bəhrələnib. Bir çox ölkələrin teatr ustalarının iştirakı ilə tərtib olunmuş dekorasiya, kukla və rekvizitlər son yarım ildə bir neçə ölkədə uğurla nümayiş etdirilib. Tərlan Qorçu sərginin qızı Dənizin xatirəsinə həsr edildiyini vurğulayıb.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov 1989-cu ildən fəaliyyətə başlayan Marionet Teatrının bu illər ərzindəki fəaliyyətindən söhbət açıb. Onların tutduğu yolun çox çətin olduğunu vurğulayaraq bu işdə teatrın kollektivinə uğurlar arzulayıb.
Sonra iştirakçılar sərgi ilə tanış olublar.
Sərgi iyulun 1-dək davam edəcək. Sərgi “Bakı-2015” birinci Avropa Oyunlarının keçiriləcəyi müddətdə də açıq olacağına görə şəhərimizin qonaqları da ekspozisiya ilə tanış ola bilərlər.
Qeyd edək ki, sərgi başa çatdıqdan sonra “Leyli və Məcnun” tamaşasının məşqləri başlanacaq.